Heç vaxt heç bir məmurla şəkil çəkdirməyin - BAHƏDDİN HƏZİ YAZIR

  • By admin
  • 01 Dekabr 2022 11:40

Əməkdar  jurnalist Bahəddin Həzi Naxçıvan Ali Məclisi sədrinin oğlu Seymur Talıbovun fotosunu paylaşaraq, illər öncə rastlaşdığı bir olaydan yazıb.

Gununsesi.info jurnalistin sosial şəbəkə hesabına istinadən həmin qeydləri təqdim edir:

HTML tutorial

İndi hamı bu şəkli paylaşır…

Və ürək sözlərini yazır. Basabas düşüb.

 

Bu şəkildəki adamın içində olduğu bir xatirəmi yazım: 2017-ci il iyunun əvvəlində KİV rəhbərlərindən ibarət bir heyətdə Naxçıvana getmişdim. Naxçıvan Universitetində tələbələrlə görüşdən çıxanda birdən bu şəkildəki adam peyda oldu; maşınından düşün universitetin giriş qapısına tərəf gəlirdi. Yanımdakından soruşdum: “Bu adam kimdir ki, hamı qabağına qaçır?” Dedi: “Seymur müəllimdi də. Vasif müəllimin oğlu. Burda prorektordur”. Dedi və o da qaçdı pişvaza. Sonra hamısı toparlandı, bu şəkildəki adamın böyründə basabasla şəkil çəkdirdilər. Mən də durmuşam kənardan baxıram, Vasif Talıbovun oğlunun yanında durmaqdan ötrü yekə-yekə kişilərin bir-biri ilə çiyinləşməsindən, dümsükləşməsindən ləzzət alıram. Bu şəkildəki adam da hərdən təəccüblə, ya da bəlkə qəzəblə mənə tərəf baxır. Heyətdəkilərdən biri utandı, yanıma gəldi. Sevindim ki, tək deyiləm. İndi o şəkildəkilər, görəsən, o şəkilləri nə edəcəklər?!

Mən o səfərdə tələbələrlə, əsgərlərlə, orta məktəb şagirdləri ilə, fabrikdəki fəhlələrlə, Batabatda bioloq alim Mürsəl kişi ilə çəkdirdiyim şəkillərdən ləzzət alacam. Bəs Seymur Talıbovla şəkil çəkdirənlər nə hisslər keçirirlər?!

Ona görə də gənclərə tövsiyyəm: heç vaxt heç bir məmurla, lap elə dövlət adamı ilə şəkil çəkdirməyin. Dəyəri vəzifəsi, pulu, var-dövləti ilə bağlı olanlarla şəkil çəkdirməyin. O sadaladıqlarım bu gün var, sabah yoxdur. Dəyəri özündə olanlarla şəkil çəkdirin. Əsgərlə, rəssamla, vicdanlı qələm adamı ilə, sənət adamı ilə şəkil çəkdirin. Həqiqi alimlə şəkliniz olsun, Akademiyanın həqiqi üzvü deyilsə, yan qaçmayın. Yazıçılar Birliyinin sədri ilə poz verməyə çox da can atmayın, yazıçı ilə yanaşı baxın fotokameranın obyektivinə. Bax, elə, bu gün gedin Əlisa Nicatla şəkil çəkdirin.

 

Və… bir də Hacı Nuranla şəkil çəkdirməzdən qabaq iki dəfə düşünün.) Elə adam var, Hacının özü ilə də şəkli var, atı ilə də. Ancaq indi bizə başdaşındakı şəkildən baxır…

Bahəddin Həzi

Gununsesi.info