“Heç vaxt qrantlar müqabilində sifarişlə çalışmadım…” -TANINMIŞ APARICIDAN DA KƏSKİN ETİRAZ GƏLDİ

  • By admin
  • 23 İyul 2017 15:15

metnanet

Açığı 23 illik jurnalist fəaliyyətim dövründə şər-böhtan xarakterli kampaniyalarla, ikili standartlı yanaşmalarla ilk dəfə deyil rastlaşıram. Amma məncə hər şeyin həddi-hüdudu olmalıdır. Çünki hər şey həddində gözəl və effektivdir. 

Təəssüf edirəm ki, 255 jurnalistin peşə bayramında evlə təmin olunmasını həzm edə bilməyən bədxahlar var. Maraqlıdır, qısqanclığını içində saxlaya bilməyib açıq bəyan edən xəbis soydaşlarımızın tənqidi deyil, təhqirli, səviyyəsiz ifadələri yazmağa haqqı varmı? Həmkarım, gözəl jurnalist Elnarə Dərziyevanın dediyi kimi YAZIQLAR olsun sizə! 

Ayrıca mənzillərin verilməsi ilə bağlı şərtləri bir az diqqətlə oxumaq lazımdır. Dövlətçiliyimizə, milli dəyərlərimizə illərlə sədaqətlə töhfə verən qələm əhlinin, intellekt sahiblərinin peşə bayramında mükafatlandırılmasına daralmaq anlaşılan deyil. Uzunmüddətli fəaliyyətinə dəyər verən, namizədliyimi irəli sürən və bu namizədliyi dəstəkləyənlərin insanpərvər, xeyirxah addımlarına uzaq bir ölkədən ləkə yaxmaq kimsəyə şərəf gətirmir. 

O ki qaldı, 20 ildən artıq jurnalistikada öz sözünü demiş, zəhmətlə çalışmış peşəkarların niyə də evi olmamalıdır? (Bu qədər bəsit yanaşmalarla özünüzü gülünc vəziyyətə salmayın lütfən) Adını hallandıranlara buradan bir daha xatırladıram: Unutmayın ki, mən heç vaxt qrantlar müqabilində sifarişlə çalışmadım. Vətənimə, dövlətimə;, xalqıma, bütövlüyümüzə, milli-mənəvi dəyərlərimizə sadiqcəsinə, açıq-aydın, bir jurnalist olaraq şərəflə xidmət edirəm! 

Ən nəhayət, şər-böhtan, xəbislikdən vaz keçərək bir az da həmrəy olmağı, soydaşlarınızın uğurlarına, şad günlərinə sevinməyi öyrənin. 

Tanrıdan cahilləri, xainləri hidayət etməsi diləyi ilə…

Mətanət Ağamirli,

Tele-jurnalist

Gununsesi.info