Hesablama Palatası gəlirləri yüksək və aşağı olan rayonların adlarını AÇIQLADI

  • By admin
  • 25 May 2021 11:08

Ötən il Azərbaycanda yerli gəlirlər həm ümumilikdə, həm də şəhər və rayonlar üzrə yüksək olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına rəyində qeyd edilib.

Sənəddə vurğulanıb ki, təqdim olunmuş hesabat məlumatlarına əsasən, 2020-ci ildə şəhər və rayonların yerli gəlirləri ümumilikdə 821,4 mln. manat və  Bakı şəhəri üzrə 336,7 mln. manat təşkil edib.

Şəhərlər üzrə icra göstəricisi 463,3 mln. manat vəsaitə qarşı 490,6 mln. manat və ya 105,9% səviyyəsində olub. Ən aşağı icra səviyyəsi əvvəlki ildə olduğu kimi Şirvan şəhərinə (98,5%), ən yüksək icra səviyyəsi isə Gəncə şəhərinə (128,6 %) aiddir. Yerli gəlirlərin icra səviyyəsi 6 şəhər üzrə bütün şəhərlər üçün orta icra səviyyəsindən az, 3 şəhər üzrə isə yüksək olub.

Rayonlar üzrə yerli gəlirlərin ümumi icra səviyyəsi 301,2 mln. manat proqnoza qarşı 330,8 mln. manat və ya 109,8% olub. Ən aşağı icra səviyyəsi Neftçala rayonunda (95,8%), ən yüksək icra səviyyəsi Kəlbəcər rayonunda (201,9%) qeydə alınıb.  33 rayon üzrə gəlirlərin icra səviyyəsi rayonlar üçün orta icra səviyyəsindən az, 23 rayon üzrə isə yüksək olub.

Gununsesi.info