
Hesablama Palatası Şəmkir rayon Təhsil Şöbəsində həyata keçirildiyi audit nəticələrini açıqlayıb.
Gununsesi.info audit nəticələrə əsasən xəbər verir ki, əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına görə və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib.
Audit prosesində əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəzedici müəllimlərə düzgün olmayaraq sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi müəyyən olunub.
Azkontingentli ibtidai siniflərdə komplektləşdirilmənin düzgün aparılmaması, siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tərəfindən tarifləşmə siyahılarına salınmış dərs saatlarının ünvanlı bölgüsünün müvafiq qaydada rəsmiləşdirilməməsi, həmçinin artıq ştat vahidlərinin saxlanması nəticəsində artıq büdcə vəsaitinin ödənişinə yol verilib.
Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib, həmçinin funksional fəaliyyətə aid edilməyən və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib.
Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, icraçıya malların alınmasına görə qaimədə göstərilmiş yekun məbəğindən artıq vəsaitin ödənilməsi, həmçinin şöbə tərəfindən alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub.
Audit dövrünün sonuna kreditor borcun məbləği 5,9 dəfə artaraq 126 min manat olmuş, həmin məbləğin 70,1%-ni kommunal xidmətlərin haqqının ödənişi ilə bağlı yaranmış borclar təşkil etmiş, həmçinin müxtəlif mal-material qiymətliləri uçota alınmamışdır.
Hesablama Palatasının Kollegiyası Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şəmkir rayon Təhsil Şöbəsinə göndərilib.
Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info