Hesablama Palatası tərəfindən audit keçirilib

 Hesablama Palatası 2022-ci ildə Mədəniyyət Nazirliyində dövlət satınalmaları ilə bağlı apardığı auditin nəticələrini açıqlayıb.

Gununsesi.info xənər verir ki, audit nəticəsində bir sıra problemlər aşkar edilib.

Hesabatda qeyd olunur ki, Nazirlik satınalmaları planlaşdırarkən rəqabətli mühiti formalaşdıra bilməyib: “Bu dövlət ehtiyaclarının rəqabətli mühitlə ödənilməsini məhdudlaşdırıb, əvvəlcədən məlum istiqamətlər üzrə satınalmalar vaxtında keçirilməyib”.

2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqı satınalma proseduru olmadan ödənilib.

Bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi daha yüksək qiymətlərin tətbiqinə şərait yaradıb. Ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib.

Bir sıra hallarda isə əsas şərtlər toplusuna uyğun olmayan tender təkliflərini təqdim edən iddiaçılar müsabiqədən kənarlaşdırılmayıb, bəzi hallarda isə həmin iddiaçılar qalib seçilib. Bu isə sifarişçi tərəfindən başa çatdırılmadan müqavilələrə xitam verilməsi, müqavilələrin 50,0%-dən çoxunun isə subpodrat müqavilələr çərçivəsində icra olunmasına şərait yaradıb.

“Müqavilələr bəzi hallarda malların, işlərin və xidmətlərin faktiki alındığı tarixlərdən sonra bağlanaraq 1240,0 min manat vəsait ödənişi həyata keçirilib. Bu da sonradan aparılmış satınalma prosedurlarının formal xarakterli olduğunu göstərir”.

Nazirlik tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnib. Ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.

Nazirlik satınalmaları və funksional fəaliyyəti uzlaşdıra bilməyib. Bu isə tabeliyindəki təsərrüfatlı qurumların saxlanılması və ictimai birliklərə vəsait yönəldilməsi ilə nəticələnib, bəzi hallarda təsdiq edilmiş xərc istiqamətləri dəyişdirilməklə 1944,7 min manat vəsait xərclənib. Bu isə  dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin məqsədlər üzrə istifadəsində əhəmiyyətli risklərə yol açıb.

Auditin əhatə etdiyi dövrdə Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin kənar müəssisələrə ötürülməsi səbəbindən 257,9 min manat məbləğində dövlət vəsaitinin səmərəsiz istifadə olunub.

Hesabatda bildirilir ki, müqavilələrin icrası ilə bağlı təsdiqedici sənədlərin müvafiq qaydada tərtib olunmayıb və ya ümumiyyətlə təqdim edilməyib, məqsəd və nəticələr arasında əsaslı riskləri formalaşdırıb. Burada  isə müqavilələr üzrə 563,9 min manat pulun hara xərclənməsi aydın olmur.

 

 

Gununsesi.info