Hesablama Palatası unvanlı sosial yardımla bağlı korrupsiya faktları üzə çıxardı

  • By admin
  • 20 Avqust 2016 13:22

yardım

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə, həmçinin 2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (Mərkəz) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək qəbul etmişdir.

Gununsesi.info xəbər verir ki, mərkəz tərəfindən 2014-cü ildə 1916 ailəyə,  2015-ci il ərzində isə 1681 ailəyə ünvanlı dövlət sosial yardımı (ÜSY)  təyin olunmuş, 1 ailəyə düşən ÜSY məbləği 2014-cü ildə 139,48 manat, 2015-ci ildə isə 150,74 manat təşkil etmiş, bütövlükdə auditlə əhatə olunan dövr ərzində 283 ailəyə  müxtəlif səbəblərdən yardım təyin olunmasından imtina edilməsi haqqında qərar qəbul olunmuşdur. Auditin əhatə etdiyi dövrdə 4378 nəfərə sosial müavinət və təqaüd təyin olunmuşdur. Auditlə bütövlükdə 18422,0 min manat məbləğində vəsait əhatə edilmişdir.

Audit prosesində risk əsaslı və seçmə üsulla araşdırılma aparılmış, bir sıra hallarda Mərkəz tərəfindən sənədlərin qəbulu və  onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməməsi faktları müəyyən olunmuş, qərarlar ətraflı araşdırma aparılmadan verilmiş, 45 halda ailə üzvünə görə ödənilən sosial müavinətin, əmək pensiyasının məbləğinin, əmək haqqının, digər gəlirlərin, ailənin mülkiyyətində olan torpaq sahəsindən, yardımçı təsərrüfatından əldə olunan gəlirlərin ailənin ümumi gəlirinə daxil edilməməsi, 3 halda ailə tərkibində dəyişikliyin nəzərə alınmaması və düzgün olmayan məlumatın verilməsi, 32 halda ailənin istifadəsində avtomobilin olmasının tam araşdırılmaması, 6 halda ÜSY alan ailələrə birdəfəlik yardımın ödənilməsi şərtlərinə tam əməl olunmaması səbəbindən artıq ödəmə aşkar olunmuşdur. 7 iş üzrə isə təyin edilmiş yardımı 3 aydan artıq müddətdə almayan ailələrə təyin edilən vəsaitin dövlət büdcəsinə qaytarılması üçün tədbir görülməmişdir.

Sosial müavinətlər və təqaüdlər üzrə 15 halda  işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması, 5 halda  sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara,  1 halda ailə başçısını itirməyə görə sosial müavinətin əmək pensiyası almaq hüququ olan şəxslərə təyin edilməsi, 15 halda əlilliyə görə sosial müavinətin məbləğinin düzgün müəyyən olunmaması, əlilliyə görə sosial müavinətin məbləğinin təkrar ödənilməsi, sosial müavinətin təyin olunması müddətinin və ödənilən məbləğin düzgün müəyyən edilməməsi səbəbindən artıq ödəmələrə yol verilmişdir.

Hesablama Palatasının Kollegiyası Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə Qərarın surəti Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilmişdir.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə və aidiyyəti üzrə  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilmişdir.

 

Gununsesi.info