Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondundun dəstəyi ilə Beynəlxalq Uşaqlar Günü və müqəddəs Ramazan ayı ilə əlaqədar tədbir keçirilib.
Gununsesi.org AzərTac-a istinadən xəbər verir ki, tədbirdə Pakistan Prezidenti Arif Alvi və birinci xanım Samina Alvi, dövlət rəsmiləri, deputatlar, tanınmış ictimai-siyasi xadimlər, bir sıra xarici ölkələrin Pakistandakı səfirləri və diplomatlar iştirak ediblər.
Tədbirin xüsusi ali qonağı, Pakistan Prezidenti Arif Alvi 2005-ci ildən başlayaraq Pakistanda baş verən zəlzələdən sonra Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələrə görə Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürlərini ifadə edib. Prezident Azərbaycan və Pakistanın tarixdən gələn birgə mədəni və mənəvi dəyərlərə əsaslanan çox yaxın dostluq münasibətlərinə malik olduğunu vurğulayıb. Prezident, həmçinin Fondun Pakistanın müvafiq xeyriyyə təşkilatlarına, məktəblərinə, mərkəzlərinə göstərdiyi yardımın səmimi xeyirxahlıq duyğularının təzahürü olduğunu qeyd edib. O, eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardımın, onları sevindirməyin yalnız dövlətin deyil, eləcə də cəmiyyətin imkanlı insanlarının vəzifəsi olduğunu bildirib, humanitar sahədə insanların fəallığının önəmini diqqətə çatdırıb.
Mərasimdə Xüsusi Təhsil üzrə Baş Direktorluğun müxtəlif məktəblərini, Talassemiya Mərkəzini və Xüsusi uşaqlar üzrə Hərbi Akademiyanı və hərbi məktəbləri təmsil edən xüsusi qayğıya ehtiyacı olan 400-dən çox uşaq iştirak edib.
Tədbirin rəsmi hissəsindən sonra xüsusi uşaqlar və məktəblərin kollektivləri üçün Pakistanın Prezidenti və birinci xanımının iştirakı ilə iftar süfrəsi açılıb və uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.