

(Olmuş hadisə-80-ci illərin lap əvvəllərində)
2001-ci ildə “525”-də müəllifi olduğum “Sabiqlər” rubrikası üçün keçmiş və tanınmış birinci (raykom) katiblərdən biri ilə müsahibə götürürdüm…
Müsahibimlə rəsmi müsahibədən sonra qeyri-rəsmi müsahibəm ( nahar süfrəsi arxasında söhbətimiz ) zamanı mövzu-söhbət yenə mərhum Heydər Əliyevin (onda Heydər Əliyev hələ sağıydı) üstünə gəldi…
Heydər Əliyevə böyük ehtiramı olan həmin raykom katibi mərhum dövlət başçısının birinci katib olduğu (eyni zamanda, özünün də raykom katibi işlədiyi) dövrdə üzləşdiyi bir hadisəni-problemi danışdı…
Dedi ki, mərhum dövlət başçısının yaxınlarından birinin onun birinci katib olduğu Kürdəmir rayonu ilə qohumluq əlaqəsi varmış və o da bundan istifadə edərək, birinci şəxsin xəbəri olmadan ona bir məsələdə xeyli problemlər yaradırmış…
O da axırda dözməyib bir gün Heydər Əliyevin qəbuluna (şikayətə) gəlir, işdən-gücdən danışsa da, ancaq həmin məsələdən (şəxsdən) danışmaq istəmir, tərəddüd edir, çəkinir, ehtiyatlanır…
Usta Heydər Əliyev isə “məsələni”, katibin gəlişinin əsl səbəbini dərhal “göydə tutur”…
“Bura elə-belə gəlməmişən işin-gücün bu vaxtında… Sözlü adama oxşayırsan, əsas məsələyə keç, görürəm narahatsan, nə problemin var…”-deyir…
Və Heydər Əliyevin təkidindən ürəklənən həmin birinci katib başına gələnləri birinci şəxsə nəql etməli olur.
Heydər Əliyev də dərhal telefonun dəstəyini qaldırır, əsəbi və qəzəbli şəkildə həmin şəxsin nömrəsini yığır, dişinin “dibindən” çıxanı kəskin şəkildə həmin şəxsə deyir və dəstəyi yerə qoyur.
Bununla da hər şey həll olunur… Bir daha həmin adam birinci katibi narahat etmir, ona problem yaratmır…
Allah Heydər Əliyevə rəhmət, həmin raykom katibinə də can sağlığı versin.
Amin!
Kamil HƏMZƏOĞLU
Gununsesi.info