Heydər Əliyev və Əliş dədəm…

  • By admin
  • 10 Dekabr 2016 13:26
heyder-1
1982-ci ilin avqust ayının sonları,  yeni tədris-dərs ilinin, o cümlədən,  məşəqqətli pambıq mövsümünün (yığımının) başlanması ərəfəsi idi…Mərhum Heydər Əliyev birinci katib kimi (ondan cəmi 3-4 ay sonra Moskvaya-Siyasi Büroya getdi) ikinci dəfə rayonumuza, o cümlədən,  əhalisinin sayına və ərazisinin böyüklüyünə, həmçinin, inkişaf səviyyəsinə görə Azərbaycanın ən böyük və ən üzdə olan kəndlərindən (o vaxt hələ qəsəbə deyildi) olan kəndimizə-Qızılhacılıya gəlmişdi…
Heydər Əliyev, o vaxtın ifadəsi ilə desək, yerli kənd zəhmətkeşləri, əməkçilərlə  görüşəndən sonra həm də Goranboyun, o cümlədən, kəndimizin ağsaqqalları ilə görüşmüşdü…Onunla görüşənlər arasında sözün əsl mənasında el ağsaqqalı olan Əliş dədəm (anamın doğmaca əmisi) də vardı.
Qeyd edim ki, Heydər Əliyevlə Əliş dədəmin birgə fotosu Goranboyda muzeydə, eləcə də Yaşa dayımgildə durur. Həm də görüş səhnəsi o zaman  AzTV ilə də işıqlandırılmışdı, bugünkü kimi yadımdadır…Heydər Əliyev xüsusilə, Əliş dədəmlə hal-əhval edəndən sonra özünəməxsus tərzdə onunla zarafatlaşmış (hətta, gözləmədiyi cavabdan xeyli şaşırmış və ürəkdən gülmüşdü) və “ağsaqqal, məndən xahişiniz, arzunuz nədir, yerinə yetirim”- deyə, soruşmuşdu…
Onu da qeyd edim ki, o vaxt kəndimizdə iki (əslində 3) orta məktəb vardı – biri mən təhsil aldığım 2 saylı orta məktəb, bir də Sovetlərin  qanlı repressiyası üzündən kəndimizdən didərgin düşmüş Hacı Həvil ağaya məxsus evdə yerləşən və sonradan genişləndirilən 1 saylı orta məktəb…Həmin məktəb də artıq necə deyərlər, “əldən düşmüşdü”, şagirdlərin sayı da həddən artıq çox olduğu üçün siniflər çatışmırdı…
Əliş dədəm də özünəməxsus şəkildə və şirin Qızılhacılı ləhcəsi ilə “qadan alım, mənə heç nə lazım deyil, amma kəndimizdə yeni məktəbə ehtiyac var, uşaqlar hələ köhnə-uçuq, Sovet hökumətindən qabaq tikilmiş bəy (ağa) evində dərs keçirlər. İstəyim yalnız odur ki, Qızılhacılıda yeni məktəb tikilsin və mən də onun tikilməyini görüm” demişdi…
Heydər Əliyev də yanında gələnlərə dərhal göstəriş vermişdi ki, Qızılhacılıda  qısa müddətdə ən müasir tipli məktəb tikilsin…Bu tapşırıqdan sonra cəmi iki ilə də (1984-cü ilin senyabrında) kəndimizdə Bakının ən müasir məktəblərindən belə üstün səviyyəli olan 3 mərtəbəli məktəb binası inşa edilmiş və istifadəyə verilmişdi…
Məktəbin tikintisinin başa çatmasına cəmi 3-4 ay qalmış isə Əliş dədəm dünyasını dəyişmişdi, amma məktəbin təməlatma mərasimində iştirak edərək öz ağsaqqal xeyir-duasını da vermişdi…Yəni, açılışını görməsə də, arzusu yerinə yetmişdi…
Allah hər ikisinə də- iki gün sonra dünyasını dəyişməsinin 13-cü ili tamam olan Heydər Əlirza oğluna da, Əliş dədəmə də rəhmət, ruhlarını şad, məkanlarını cənnətlik etsin.
Amin!
Kamil HƏMZƏOĞLU
Gununsesi.info