Heydər Əliyevin 100 illiyyi Abşeron rayonunda qeyd edildi

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzmüş, xatirəsini böyük ehtiramla yad etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, 2023-cü il Azərbaycan üçün mühüm tarixi hadisələrin ildönümü ilə əlamətdardır. Qeyd edilmişdir ki, bu il həm də Milli Qurtuluş Gününün 30-cu ildönümü tamam olur.

Eləcə də bu il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ili tamam olacaq. RİH başçısı vurğulamışdır ki, bu ilin ən mühüm əlamətdar hadisəsi isə heç şübhəsiz xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyidir. 2023-cü ilin respublikamızda Heydər Əliyev elan olunduğunu xatırladan başçı Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi olan bu qərarın bütün cəmiyyətimizin minnətdarlığı ilə qarşılandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Qeyd edilmişdir ki, Azərbaycan xalqı son yarıməsrlik tarixində nə nailiyyət əldə edibsə, onların müəllifi birmənalı olaraq Heydər Əliyevdir və onun dövlət fəaliyyətində bu gün də əhəmiyyətini qoruyan ideyalarıdır. Biz yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşuq.

Azərbaycan inkişaf etdikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, dövlətimiz qarşısında xidmətləri və fədakarlıqları daha dərindən dərk edildiyini vurğulayan Abdin Fərzəliyev bildirmişdir ki, Ümummilli Liderimiz fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmişdir.

Bugünkü bütün nailiyyətlərimizin səbəbkarının məhz Ümummilli Liderimiz olduğunu önə çəkən RİH başçısı qürurla yaşadığımız müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu demişdir. Qeyd edilmişdir ki, Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olmuşdur. Qarşıda bizi gözləyən daha böyük yüksəlişə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə gedirik. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

 

Gununsesi.info