
Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Gununsesi.info xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 24-da Oğuzda Rayon Kənd Təsərrüfatı İdarəsinin yeni inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin strukturuna daxil olan tabeli qurumların rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən, fermerlərə güzəştli kreditlərin verilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir Heydər Əsədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.