Son günlər sosial şəbəkədə, ədəbi-ictimai cameədə gündəm olan bir məsələ də Aşıq Ələsgərin heykəlinin ucaldılması, daha dəqiq, heykəlin ətrafında gedən söz-söhbətlərdir. Bir qisim insan heykəli bəyənsə də, müəyyən bir qisim də bəyənmədiyini, hətta heykəlin Aşıq Ələsgərə oxşamadığını da deyir.
Bəs ədəbiyyat adamları bu barədə nə düşünür?
“Bir onu bilirəm ki, Ələsgərə ən gözəl abidəni özüm qoymuşam – ondan maraqlı bir kitab yazmışam. Məncə, bu böyük söz ustadını fərqli bir bucaqdan, qələminin qüdrətinə layiq göstərə bilmişəm.”
Bu sözləri Gununsesi.info-ya sözügedən müzakirələr zamanı yazıçı Şərif Ağayar bildirib:
O, əlavə olaraq qeyd edib ki, heykəl Füzuli, Nizami heykəlləri kimi realist janrda deyil, bizimkilər bu janra öyrəşiblər. Ona görə də Ələsgəri bu sayaq qəbul etmək çətin gəlir. Bu, miniatürə yaxın, illüstratriv bir işdir. Bəlkə də, heykəltəraş bunu nəzərə almalı idi. Bəlkə də, belə işləmək üçün daha vacib səbəbləri var? Bilmirəm.
Ədəbiyyatşünas, tənqidçi, deputat Elnarə Akimova isə məsələni bu cür şərh edib:
“O heykələ bir də qəbri ermənilər tərəfindən dağıdılımış Ələsgərin heykəlidir, – deyə baxmaq olar. Düzdür, sənət baxımından dəyərləndirmək üçün göz yaddaşımız bir müddət ona öyrəşməlidir, amma düşünürəm, abidəyə sırf estetik baxımdan deyil, həm də milli ideoloji aspektdən yanaşmalıyıq. Bu, təkcə Aşıq Ələsgərin deyil, ümumiyyətlə, bir Qərbi Azərbaycanlının və Qərbi Azərbaycanın obrazını özündə əks etdirir. Ölkə başçısının qeyd etdiyi kimi, “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir”. Aşıq Ələsgərin abidəsi daha çox bu məqamı ilə önəmli və mühüm sayılmalıdır.”
Həmçinin məsələyə şərh bildirən Mətbuat Şurasının sədri Rəşad Məcid də bu sözləri qeyd edib:
“Aşıq Ələsgərin abidəsi fərqlidir, dəyərli sənət əsəridir, çoxlu mesajlar və məna çalarları var. Əgər şablon olsaydı, heç bu qədər müzakirə də yaratmazdı.”
Orxan Saffari