Bir heyvanın hərəkəti nəticəsində insanlara və ya əmlaka zərər dəydikdə, bu zərərə görə heyvanın sahibi həmişə məsuliyyət daşıyırmı?
Hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, mülki hüquqda ümumi qaydaya əsasən, ev heyvanının və ya nəzarət altında saxlanılan heyvanın vurduğu zərərə görə onun sahibi və ya heyvana faktiki nəzarət edən şəxs məsuliyyət daşıya bilər.
Onun sözlərinə görə, bunun əsas səbəbi heyvan üzərində nəzarət və təhlükəsizliyin təmin edilməsi öhdəliyinin həmin şəxsə aid olmasıdır.
Hüquqşünas qeyd edib ki, bununla belə, hər hadisə konkret hallara əsasən ayrıca qiymətləndirilməlidir.
“Məsələn, zərərçəkmiş şəxsin öz davranışı hadisənin baş verməsinə səbəb olubsa və ya üçüncü şəxslərin hərəkətləri hadisədə rol oynayıbsa, məsuliyyətin həcmi dəyişə bilər. Bəzi hallarda isə sahibin təqsiri olmadığı və hadisənin qarşısını almağın obyektiv olaraq mümkün olmadığı müəyyən edilərsə, məsuliyyət məsələsi fərqli qiymətləndirilə bilər”, – Şamil Paşayev bildirib.
Orxan
Gununsesi.info












