“Heyvanlarla vəhşicəsinə davranan şəxslər haqqında ciddi tədbirlərin görülməsi nəzərdə tutulur”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin noyabrın 28-də keçirilən iclasında komitənin sədri Eldar İbrahimov deyib.
Komitə sədrinin sözlərinə görə, bununla bağlı yalnız İnzibati Xətalar Məcəlləsinə deyil, həm də Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək.
“Heyvanları məhv etmək, onlara pis münasibət göstərmək olmaz. Heyvanları qorumaq hər kəsin borcudur. Nəinki vəhşi heyvanlar, ev heyvanları haqqında da qanunvericliyə dəyişikliklər ediləcək”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.
Qeyd edək ki, iclasın müzakirəsinə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə əsasən isə Azərbaycanda heyvanların məskunlaşdığı yerlərin özbaşına yandırılması məsuliyyət yaradacaq. Yəni, qanunun 53-cü (Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) maddəsinə təklif edilən dəyişikliklərə görə, qurumuş bitkiləri və ya onların qalıqlarını heyvanlar aləmi obyektlərinin məskunlaşdığı yerlərdə özbaşına yandırmaq məsuliyyət yaradır.
Qanun layihəsi qısa müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info