Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslamda qadın zorakılığına münasibət” adlı tədbir keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, tədbirdə millət vəkilləri, ilahiyyatçılar və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, tədbirin keçirilməsində məqsəd islamda qadın-kişi bərabərliyi, islam cəmiyyətində qadının mövqeyi, ailə dəyərlərinə və qadınlara qarşı zorakılığa islami münasibətin düzgün qiymətləndirilməsidir.
Məişət zorakılığı böyük bir problem olduğunu deyən H.Hüseynova bildirib ki, komitə tərəfindən artıq məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Belə ki, məişət zorakılığı haqda bütün məlumatlar həmin bankda toplanır: “Bu gün kişilər Dövlət Komitəsindən daha çox kömək istəyir, nəinki qadınlar”-, deyə o bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, bu məsələdə ailə tərbiyəsi ilə məktəb tərbiyəsi üst-üstə düşməlidir. Onun sözlərinə görə, dini maarifləndirmə işləri davam etdirilməlidir: “Məişət zorakılığı həm qadına, həm də uşaqlara qarşı baş verir. Bütün dünyada zorakılıq halları olur. Səmavi dinlərin müqəddəs kitabları hər cür zorakılığın əleyhinədir. İslam dini qadın hüquqlarına böyük önəm verir. Qadına qarşı zorakılıq elementləri xristian ölkələrinə nisbətən islam dünyasında daha azdır”-, deyə o qeyd edib.
Gülnaz Qənbərli
Gununsesi.info