Hikmət Hacıyev ABŞ-a səfər edib - İKİ ÖLKƏ ARASINDAKI GƏRGİNLİK ARADAN QALXACAQMI?

Prezident İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da görüşlər keçirir.

Gununsesi.info bildirir ki, bu barədə məlumatı Azərbaycanın ABŞ-dakı səfirliyi yayıb.

 Azərbaycan tərəfindən görüşlərdə nələrin müzakirə edilməsi detallı açıqlanmasa da, səfirlik “X” hesabında yaydığı məlumatda səmərəli görüşlər üçün ABŞ rəsmilərinə təşəkkür edib.

Qeyd edək ki, səfər ABŞ Konqresinə Azərbaycanla bağlı sanksiya layihəsinin təqdim edilməsindən qısa müddət sonraya təsadüf edir. Görünür, Hikmət Hacıyevin bu səfəri iki ölkə arasında münasibətlərin nizama salınması üçün müəyyən rol oynayacaq.

Hacıyev səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bassla görüşüb.

“Bu gün Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə regionda ləyaqətli və daimi sülhü, ABŞ-Azərbaycan əməkdaşlığını və ümumi prioritetləri, eyni zamanda, “COP 29”u müzakirə etmək üçün görüşdük”. Biz Azərbaycanı haqsız yerə həbs edilənləri azad etməyə çağırmaqda davam edirik”, – Con Bass “X” hesabında yazıb. Hacıyev səfər çərçivəsində dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkrislə, katibin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kimlə də görüşüb.

Son bir ildə ABŞ və Azərbaycan arasında siyasi və diplomatik münasibətlərin kəskin pisləşməsi müşahidə olunur.

Gununsesi.info