Hikmət Hacıyev: Azərbaycan bu məsələləri Ermənistanla müzakirə etməyəcək

  • By admin
  • 16 Sentyabr 2023 11:26
hikmət hacıyev

Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə müzakirə etməyəcəyik.

Gununsesi.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər” yaratmaq mövzusunu gündəmə gətirməklə dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri iflasa məhkumdur. “Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks nəticə verir”, – deyə o qeyd edib.

Azərbaycan rəsmisi jurnalistin Qarabağda hərbi əməliyyatların başlayacağı ehtimalının nə qədər olduğu barədə sualını belə cavablandırıb:

“Mən hipotetik ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür və həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir. Biz bütün mövcud məsələlərin sülh yolu ilə həllinə yönəlmişik”.

Səid Əhmədli
Gununsesi.info