Hikmət Rəhimovun “Səkkiz” serialının ikinci bölümü yayımlandı.
Əslində, hələ bitməmiş bir serial haqqında yekun fikirlər demək doğru deyil, ancaq elə nələrsə demək də olar.
Hər şeydən əvvəl onu demək lazımdır ki, müasir Azərbaycan filmi, serialı hələ indi-indi formalaşır. Ol səbəb, xırda səhvləri böyütmək də bir iş deyil.
Müasir Azərbaycan filmini, serialını formalaşdıran aktyorlar, rejissorlar, ssenaristlər, bir sözlə, hamısı gözümün qarşısında, yanımızda, içimizdədirlər.
Bu mənada, Hikmət Rəhimov da o adamlardandır. Bura Azər Aydəmiri, Emil Quliyevi də aid etmək mütləqdir.
Hikmət Rəhimov həm də o məsələdə yaxşıdır ki, daim bir obrazda ilişib qalmır. Klassik aktyorların əksəriyyətində xarakterik olan bu halın yeni nəsil aktyorlarda olmaması kifayət qədər ciddi məsələdir. Demək, bu adamlar nə qədər elastikdir ki, istənilən simada ola bilirlər.
“Səkkiz” serialındakı obrazı bunu bir daha təsdiq edir.
Diqqətli tamaşaçıya Hikmət Rəhimov xətti artıq az-çox bəllidir.
Məsələn, mənə elə gəlir ki, artıq necəsə növbəti film və seriallarda Rəhimov tutduğu xəttdən bir qədər kənara çıxmalıdır. Sözsüz, belə bir borcu yoxdur, ancaq bu yolun get-gedə yorucu olmaq təhlükəsi var. Bir yerdən sonra sevgi, daha dəqiq, sevgisizlik, travmalar filan kimi məsələlər adamı yorur. Serialın ikinci bölümünə baxan tamaşaçılardan biri söhbət zamanı dedi ki, xarici filmlərdə bu cür məsələlərdə mövzu əsasdır. Məsələn, ağlamaqlar, ah-vaylar azdır, diqqət məsələlərin həllinə yönəlir. Bizdə isə ancaq ağlaşma. Əslində, hardasa haqlı iraddır. Ancaq o da nəzərə alınmalıdır ki, yaşadığımız coğrafiyada məsələlərə yanaşma fərqlidir.
Bu halda, bu da mənim Hikmət Rəhimova “son xəbərdarlığım” olsun!
Onun bütün filmlərini izləyən bir adam kimi növbəti işlərdə də eyni şeyləri görsəm, yəqin ki, uzun müddət izləməyə son verəcəm. Hər nə qədər yaxşı olsa da.
“Səkkiz” serialının ikinci seriayasından artıq sonrakı bölümlər aydın olur. Fəqət maraqsız deyildir. Heç şübhəsiz, adamda baxmaq hissi oyadır. Bu isə ən vacib məsələ, elə uğurdur.
İki bölümü yayımlanan serialdan elə ilk bölümdən zəif və güclü olan aktyorlar var.
Şübhəsiz, Rəhimov özü və Zülfüyyə Qurbanova təbiilik, o cümlədən digər müsbət xüsusiyyətlərlə seçilirlər.
Prokuror rolu fikrimcə, serialının hər iki bölümünün ən uğursuz seçimidir.
Serialın dedektiv xətti barədə də indidən bir söz demək çox çətin olduğu üçün, yekun fikri sona saxlamaq gərək.
Digər bir məsələ isə cəsarətdir. Nə ütülü dialoqlar var, nə də hadisələr.
Bütün hallarda Rəhimova təşəkkür düşür. Ən azından, hətta lap sonda uğursuz olsa belə, görülən işlər Azərbaycan filmi, serialı adına böyük işlərdir.
Növbəti serialarda və yekunda görüşənədək.
Orxan













