Hindistan Azərbaycana buğda satmaq istəyir

  • By admin
  • 26 Mart 2022 12:32

Hindistan Azərbaycan da daxil olmaqla 30 ölkəyə buğda ixracını artırmaq üçün müraciət edəcək.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Hindinstan Ticarət Nazirliyi qərar qəbul edib.

Nazirlik rəsmisinin açıqlamasına görə, Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir. Bu 30 ölkədən 10-15-i Rusiya və Ukrayna buğdası ilə yanaşı Hindistan buğdasının artıq mövcud müştəriləridir.

Bununla belə, Hindistanın payı Rusiya və Ukrayna ilə müqayisədə idxalın ümumi həcmində daha azdır. Bundan başqa, onilliklər ərzində Rusiya və Ukrayna buğdasının fəal alıcısı olan daha 10-15 ölkə var. Hindistan hökumət sövdələşmələri və özəl kanallar vasitəsilə ixracı artırmaq üçün onları da diqqətlə izləyir. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir.

Hindistanın 2022-2023-cü illərdə (2022-ci ilin aprelindən 2023-cü ilin martınadək) rekord həddə – 111 milyon ton buğda istehsal edəcəyi gözlənilir ki, bu da cari illə müqayisədə təxminən 2 milyon ton çoxdur.

Xatırladaq ki, statistikaya əsasən Hindistan 2021-ci ildə dünyada buğda istehsal edən ölkələr sırasında Çindən sonra ikinci yerdə qərarlaşıb.

Gununsesi.info