Hindistan və İran İrəvana dəstəyi artırır

Hindistan-İran-Ermənistan ticarət dəhlizinin açılması məsələsi sıx müzakirə olunur.
Gununsesi.info “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan bu gün İrəvanda keçirilən “Hindistan-Ermənistan: biznes üfüqlərinin birləşdirilməsi” biznes forumunda deyib.
“Həmkarlarımızla üçtərəfli formatda müzakirələr aparılır. Bu marşrutdan keçən pilot yüklər də var. Amma istiqamətin sabit olması üçün hələ çox işlər görülməlidir”, – o qeyd edib.
Onun sözlərinə görə, Hindistan Ermənistana regionda strateji tərəfdaş kimi baxır və bu, bir çox sahələrdə, o cümlədən mülki və digər sahələrdə özünü göstərir.
“Tarixən Ermənistan və Hindistan bir-birinə yaxındır, bir-birinə bağlıdır. Ermənistana Hindistandan tələbələrin gəldiyini görürük. Bundan əlavə, son iki il ərzində Hindistandan ölkəmizə xeyli işçi qüvvəsi gəlir və bir çox sahələrdə kifayət qədər uğurla işləyirlər”, – deyə Narek Teryan vurğulayıb.
O qeyd edibb ki, hazırda Çabahar limanında (İranda – red.) Ermənistan və ya erməni şirkətlərinin iştirakı üçün müxtəlif formatlar müzakirə olunur. Lakin Ermənistan rəsmisi detalları açıqlamayıb.
Gununsesi.info