Hindistan Xarici İşlər Nazirliyi iddia edir ki, bu ölkə vətəndaşları iş vədi ilə Rusiya ordusuna cəlb olunurlar.
Gununsesi.info xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaiswal həmvətənlərini Rusiya ordusunda “dəstək işləri” təklif edən vasitəçilərə “aldanmamağa” çağırıb.
Diplomat bildirib ki, Rusiyaya iş vədi ilə sövq edilən vətəndaşlarının geri qaytarılması ilə bağlı Moskva administrasiyası ilə danışıqlar aparırlar.
O, ictimaiyyəti bu cür təkliflərlə bağlı xəbərdar edərək əlavə edib ki, “Bu vəziyyət həyat üçün təhlükə və risklərlə doludur”.
Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) ən azı 35 Hindistan vətəndaşının agentlər vasitəsilə Rusiyaya aparıldığını açıqlayıb.
CBI onların döyüş təlimi keçdiklərini və öz iradələri əleyhinə Rusiya-Ukrayna müharibəsinə göndərildiklərini bildirib.
Hindistanın Moskvadakı səfirliyi Rusiya tərəfində vuruşan bir Hindistan vətəndaşının öldüyünü təsdiqləyib.
Digər tərəfdən, Nepal Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün təlim keçmiş 14 vətəndaşının ölümü ilə bağlı da məlumat paylaşıb və Rusiya hakimiyyətindən hərbi əməliyyatlarda iştirak etmək üçün təlim keçmiş yüzlərlə vətəndaşının azad edilməsini tələb edib.
Gununsesi.info