Hindistan XİN rəhbəri: “Nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıyıq”

  • By admin
  • 04 Aprel 2018 19:10


“Yüksək səviyyəli öhdəliklərimizi bir daha vurğuladıq. Məhsuldar görüş keçdi, beynəlxalq, regional məsələləri müzakirə etdik”.
Gununsesi.info məlumatına görə, bunu Bakıda səfərdə olan Hindistan xarici işlər naziri xanım Suşma Svarac azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ikitərəfli münasibətlər inkişaf etməkdədir: “İki ölkə faydalı münasibətlər qurub. Əsrlər boyu mədəni mübadiləmiz münasibətlərimizin inkişafına töhfə verib. Hindistan Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Terrorizm, qlobal istiləşmə ilə mübarizədə birgə səylərimizi artırmalıyıq. Düşünürəm ki, növbəti üç il ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi altında uğurlu nəticələr əldə olunacaq”.

Nazir bildirib ki, Hindistan inkişafda olan ən böyük ölkələrdən biridir. O qeyd edib ki, Hindistan bəzi istehsal sahələri üçün mühüm ölkədir: “Hindistan infrastruktur, biznes və təhsilin inkişafında maraqlıdır. Azərbaycan birgə müəssisələrin yaradılması, dərmanların istehsalı üçün Hindistandan mütəxəssislər dəvət edib”.

S. Svarac bildirib ki, ölkəsi nəqliyyat dəhlizlərinin yaradılmasında da maraqlıdır: “Energetika sahəsində tərəfdaşlıq etməkdən məmnunuq”.

Nazirin sözlərinə görə, hər iki ölkə kənd təsərrüfatı, tütünçülük və pambıqçılığın inkişafı sahəsində əməkdaşlıqda maraqlıdır. O həmçinin əlavə edib ki, hər il 20 nəfər azərbaycanlı tələbə texniki əməkdaşlıq proqramı çərçivəsində Hindistanda təcrübə keçir.

Gununsesi.info