“Hoffenhaym” və “Bavariya”nın futbolçuları təhqirə qarşı birləşdi

  • By admin
  • 29 Fevral 2020 23:24

Almaniya “Bavariya”sının azarkeşləri Bundesliqada XXIV turun “Hoffenhaym”la oyunu zamanı rəqib klubun prezidenti Ditmar Holpu təhqir ediblər. 

Gununsesiaz.info-nun məlumatına görə, fanatların təhqiramiz banner asması üzündən matç 66-cı dəqiqədə dayandırılıb. Görüş fanat sektoruna Münhen komandasının baş məşqçisi Hans-Diter Flik və bir neçə oyunçunun yaxınlaşmasından sonra davam etdirilib.

78-ci dəqiqədə referi Kristian Dingert yenidən görüşü saxlayıb və hər iki klubun oyunçuları meydanı tərk ediblər. Bu dəfə azarkeşləri özlərini yaxşı aparmağa “Bavariya”nın idman direktoru Həsən Salihamiciçlə idarə heyətinin üzvü Oliver Kan dilə tutub.

Bir neçə dəqiqə sonra komandalar meydana qayıdıblar. Amma onlar mərkəzdə top çeviriblər və sonadək hücuma keçməyiblər.

Qeyd edək ki, səfər matçı “Bavariya”nın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0. Hazırda Münhen komandası 24 oyundan 52 xalla liderdir. “Hoffenhaym” isə 34 xalla 8-ci pillədə qərarlaşıb.