Hökm “Allahu-Əkbər” sədaları altında oxundu - Bakıda

  • By admin
  • 02 Avqust 2016 11:40

mehkeme

 

Mühakiməsi yekunlaşan 17 nəfər onlara elan edilən hökmə necə reaksiya verdi?

Azərbaycanda dini dövlət qurmaq cəhdində, o cümlədən silahlı qrup yaratmaqda, dini düşmənçilik salmaqda, qəsdən adam öldürməkdə, oğurluq, quldurluq əməllərdə ittiham olunan 17 nəfərin aylardır Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəməsi yekunlaşıb.

Dünən onlara hökm oxunub. Təqsirləndirilən şəxslərdən biri – Nurəddin Xəlilov ömürlük həbs cəzası alıb. Altı nəfər – Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov və Fəxri Şirinzadə 20 il, iki nəfər – Zaur Əliyev və Rufis Bəyimov 18 il, dörd nəfər – Pərviz Şıxəliyev, Rəşad Səfərəliyev, Samir Məmmədov və Niyaməddin Xəlilov 16 il, bir nəfər – Xəlil Məmmədov 15 il, iki nəfər – Ceyhun Abdullayev və Anar Rzayev 14 il və daha bir nəfər – Ilqar Musayev 13 il 6 ay azadlıqdan məhrum edilib.

Məhkəmə prosesinə sədrlik edən hakim Zeynal Ağayev hökmü elan edərkən təqsirləndirilən şəxslərin bir qismi “Allahu Əkbər” qışqırıblar, bəziləri kəlmeyi-şəhadətlərini deyiblər, bir neçəsi də Qurandan Yasin surətini oxuyub.

Onlar həmçinin bu məhkəmənin hökmünü qəbul etmədiklərini bildiriblər: “Biz sizi inkar edirik”.

Onlar dəfələrlə əvvəlki məhkəmə iclaslarında bildirmişdilər ki, əsas olan Allahın məhkəməsidir. Hətta əksəriyyəti bu məhkəməni saymadıqlarını bəyan edərək, ifadə verməkdən, son söz deməkdən də imtina etmişdilər.

Qeyd edək ki, məhkum edilən 17 nəfər arasında ali təhsillilər, o cümlədən tarixçi, müəllim də var.

Ittiham aktına görə, dəstə başçısı 36 yaşlı Nurəddin Xəlilov ilk cinayətini 17 yaşında törədib, Qobustan Qapalı Həbsxanasında cəza çəkib. Həbsxanada olduğu dövrdə dindar məhkumlarla dostluq münasibəti qurub, sələfi əqidəsi üzrə ibadət edib. 2012-ci ildə həbs müddəti başa çatıb və azadlığa buraxılıb. Sələfi təriqətinə mənsub şəxslərin əksəriyyəti ilə sosial şəbəkələrdə tanış olub.

Ittiham aktında qeyd olunur ki, Nurəddin Xəlilov başına sələfiləri toplayaraq özünü “əmir” elan edib və “Umar abi Mucaid” ləqəbi götürüb.

Cinayət işinin materiallarında yazılıb ki, qrupa daxil olan sələfilər belə bir and içiblər: “Bu yoldan döndü yoxdu, bu, Allahın buyruğudur, kafirlərin əmlakı və qanı halaldır”.

Amma dini dövlət yaratmaq niyyətinə qədər onların məqsədi imkanlı adamların evlərinə basqın edib pul və başqa əmlak ələ keçirmək olub. Onlar Mərdəkan qəsəbəsində Sərxan Allahverdiyevin evinə basqın edib, gözətçini bıçaqlayaraq,  evdən 850 manat pul və qızıl-zinət əşyaları götürüblər.

Qəbələdə “Soyuq bulaq” restoranının sahibi Vahid Vahabovun mənzilinə daxil olub, ev sahibindən pul və qızıl-zinət əşyaları tələb ediblər. Ev sahibi onlara “pulum yoxdur, götür maşının açarlarını apar” deyəndə onu güllələyib qətlə yetiriblər.(Azadlıq.info)