
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 7 dekabrda keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Gununsesi.info-ya verilən məlumata əsasən, ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib.
Belə ki, hərracda ilkin start qiyməti 3 500 manat olan nəqliyyat vasitəsinin rəqabət nəticəsində son hərrac qiyməti 5 350 manata yüksəlib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsinin istehsal ili 2004 olub. Hərracda bu nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 000 manat olmasına baxmayaraq, 3 300 manata sahibini tapıb.
Hərraca çıxarılan nəqliyyat vasitələri üçün ilkin satış qiyməti ən aşağı 2 000 manatdan başlayıb və 4 500 manata qədər artıb. Hərracda yekun satış qiymət isə 2 020 manatdan başlayıb, 5 350 manata qədər artıb.
Hərracda özəlləşdirilmiş əmlaklardan 48 590 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.
Qeyd edək ki, 21 və 28 dekabr tarixlərində keçiriləcək növbəti hərraca müvafiq olaraq 12 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi və 18 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili çıxarılacaq.
Xidmətin rəsmi saytından və ya özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Gununsesi.info