Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş deputat Gültəkin Hacıbəylinin şikayətinə görə Azərbaycanı cərimələyib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə məhkəmənin açıqladığı məlumatda deyilir:
“Bu işdə parlamentin keçmiş üzvü və müxalif siyasətçi olan ərizəçi keçmiş həyat yoldaşı M.M.-dən böhtana görə xüsusi ittiham qaydasında şikayət etmişdi. İşin materiallarından göründüyünə görə, M.M. 17 may 2013-cü il tarixdə mətbuat konfransı keçirmiş, ardınca müxtəlif qəzetlər və internet saytlarında bir neçə məqalə dərc olunmuşdu. Həmin məqalələrdən görünürdü ki, keçmiş həyat yoldaşı ərizəçini parlament üzvü olarkən səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada, habelə, M.M. ilə mülkiyyətlə və övladı ilə təmas qurmaqla bağlı mübahisələr zamanı yerli məhkəmələrə qanunsuz təsir göstərməkdə ittiham edib. Ərizəçinin şikayəti üzrə birinci instansiya məhkəməsindəki baxış zamanı məhkəmə, M.M-nin dərc olunmuş məqalələrin müəllifi olmaması, onun mətbuat konfransı zamanı istifadə etdiyi ifadələrin böhtan xarakterli deyil, “tənqidi” məzmunlu olması əsası ilə ərizəçinin şikayətini rədd edib. Yuxarı məhkəmələr həmin qərarı dəyişməyib. Konvensiyanın 8-ci maddəsinə əsaslanan ərizəçi, daxili məhkəmələrin onun nüfuzunu qorumamasından şikayət edirdi.
AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4000, hüquqi xərcələrə görə isə 1000 avro ödəməlidir”.
Gununsesi.info