“Hökumət və onun strukturları sahibkarları müxtəlif bəhanələrlə soymamalıdır” - ƏLİ MƏSİMLİDƏN SƏRT TƏPKİ

  • By admin
  • 11 Aprel 2017 12:24

Ali Masimli

“Hökumət sahibkarlara kömək edə bilmirsə, heç olmasa, onun məlum strukturları sahibkarlara mane olmamalı, onları müxtəlif bəhanələrlə soymamalı, yersiz müdaxilələr yığışdırılmalıdır”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin genişləndirilmiş iclasında sahibkarlıq fəaliyyəti ilə bağlı qaldırılan məsələləri şərh edərkən deyib.

Onun sözlərinə görə, sahibkar məlum dövlət strukturları tərəfindn müxtəlif bəhanələrlə soyulanda, o, həmin korrupsionerlərə verdiyi pulu istehsal etdiyi və ya xaricdən gətirdiyi malın qiymətinin üstünə qoyur:

“Deməli son haqq-hesabda korrupsionerin pulunu da onsuz da aşağı gəliri və maaşı olan əhali təbəqəsi ödəməli olur”.

Millət vəkili hesab edir ki, regionlarda birmənalı şəkildə biznes mühitinin yaxşılaşdırılmasına ehtiyac var.

“Olkədə biznes azad sahibkarlıq, azad rəqabət,ədalətli sərbəst qiymətlər kimi fundamental prinsiplərə əməl etməklə inkişaf etdirilmlidir. Qanunla qadağa olunmayan fəaliyyətə yaşıl işıq yandırılmalıdır. Hökumət sahibkarlara kömək edə bilmirsə, heç olmasa onun məlum strukturları sahibkarla mane olmamalı, onları müxtəlif bəhanələrlə soymamalı, yersiz müdaxilələr yığışdırılmalıdır”- deyə, millət vəkili bildirib.

Mürtəza

Gununsesi.info