“Azərbaycanda “Aİ-92” markalı benzin istehsal olunur. Sadəcə olaraq, Heydər Əliyev adına neft emalı zavodu cari təmirə dayandırılıb. “Ai-92″ markalı benzin idxalının rüsumdan azad edilməsinin səbəbi budur”.
Gununsesi.info xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hökumətin “Ai-92” markalı benzin idxalını 90 günə rüsumdan azad etməsinin səbəbləri barədə danışarkən deyib.
O bildirib ki, Neft emalı zavodu təmirə dayanarkən modernləşdirilmə işləri ilə əlaqədar anbarlardakı yığım kifayət etməyə bilər.
“Ona görə də hər ehtimala qarşı hökumət idxal üçün tədbirlər görür. 92 oktanlı benzin üçün gömrük rüsumu 0% müəyyən edilib ki, ölkədə benzinin qiyməti dəyişməsin”, – deyə İlham Şaban bildirib.
Xatırladaq ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli və “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib.
Aksiz vergisi ilə bağlı dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarının əlavəsi olan 22 dekabr 2003-cü il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 92 oktanlı benzin üçün gömrük rüsumu 0% müəyyən edilib.
Bu qərarlar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir.
Gununsesi.info