“Hökumət üçün prioritet məsələ idman obyekti tikintisi olmamalıdır” - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 13 Noyabr 2017 12:56

“Hazırda ölkədə 4,6 min qaçqın və məcburi köçkün ailəsi qəzalı evlərdə yaşayır. 2018-ci ilin büdcə layihəsində onlar üçün 200 milyon manat Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Həmçinin 42 milyon manat xarici kreditlər hesabına ayrılacaq. 42 milyon manat xarici krediti kim götürəcək, bu necə götürüləcək? Bu haqda məlumat verilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirəsində deyib.

Deputat hesab edir ki, prioritet yeni idman obyektləri olmalı deyil. “Yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

İdman obyektlərinin tikintisi hökumət üçün prioritet olmamalıdır. Prioritet 25 ildən artıq bir müddətdə dözülməz şəraitdə yaşayanlar üçün şərait yaratmaq olmalıdır”.

Q.Həsənquliyev həmçinin uşaqlar üçün müavinətlərin artırılmasının vacibliyini qeyd edib.

“Avropa ölkələrində dövlət hər ay uşağa 100 avro pul verir. Heç olmasa işsiz valideynlərin uşaqlarına müavinətlər artırılmalıdır. Hazırda ölkədə bir uşaq doğumu 500-1000 manata başa gəlir. Heç olmasa onlar üçün birdəfəlik müavinət ayrılmasını nəzərə almalıyıq”.

Q.Həsənquliyev qeyd edib ki, hakimlərin sayı 2 dəfə artırılmalıdır.

“Hazırda ölkədə 555 hakim ştatı var ki, onlardan 49-u vakansiyadır. Azərbaycanda min nəfərə düşən hakim sayı Avropa ölkələrindən çox geri qalır. Hakimlərin sayı 2 dəfə artırılmalıdır. Bunun üçün də vəsait ayrılmalıdır. Başqa sahələrdən vəsaiti kəsmək olar. İdman obyektərini tikintisini təxirə salmaq olar. Həmçinin yeni səhiyyə və təhsil obyektərinin tikintisinə büdcədən vəsait ayırmaq əvəzinə bu obyeklərin özəlləşdiriməsi daha məqsəduyğundur”.

Mürtəza

Gununsesi.info