Holland məktəbliləri Azərbaycanla bağlı təqdimatlar keçiriblər

  • By admin
  • 25 İyul 2017 13:01

111IMG-20170724-WA0016

2016-cı ilin dekabr ayında Azərbaycanın Avropalı Dostları Mərkəzinin (ECAF) İdarə Heyətinin illik iclasında Xocalı qırğınının 25-ci ildönümünün Niderland Krallığında daha qlobal miqyasda keçirilməsi qərara alınıb.

Gununsesi.info-ya Diaspor Jurnalistlər Birliyindən verilən məlumata görə,  ECAF indiyəcən Hollandiyada misli görünməmiş layihəyə start verib: 2017-ci ilin Hollandiyada “Xocalı ili” kimi adlandırılmasına müvəffəq olub. Xocalı faciəsinin 25-ci ildönümünün bütün 2017-ci il ərzində qeyd olunması üçün əsasən, kolleclərdə, məktəblərdə, gənclər təşkilatlarında yığıncaqlar keçirilib. Bunun üçün ECAF tərəfindən Xocalı anımları siyasətdən tamamilə uzaq olaraq, mədəni, incəsənət və musiqi əsasında qeyd olunub.

Azərbaycanın Avropalı Dostları Mərkəzinin sədri Leyla Babayevanın verdiyi məlumata görə, layihə çərçivəsində növbəti tədbir Hollandiyanın Harlem şəhərində keçirilib. “Ölkələr və bizi birləşdirən ənənələr” adlı tədbirdə şəhərin 6 kollecinin şagirdləri iştirak ediblər. Məktəblər üç sahə: mədəniyyət, adət-ənənələr və tarix üzrə təqdimatlar etmək üçün üç qrupa bölünüblər. Son yeddi ay ərzində hər məktəb səylə bu təqdimatların hazırlanması ilə məşğul olub.
Birinci məktəb Xurşidbanu Natəvan və Belçikanın Vaterloo şəhər parkında onun şərəfinə ucaldılmış abidəsi haqqında məlumat verib. İkinci məktəb də ölkələrimiz arasında bir keçid kimi,  Azərbaycanda mövcud olan müxtəlif etnik qruplar, onların din və adət-ənənəlinə olan hörmət və inam haqqında bəhs ediblər. Bu mərhələdə Azərbaycandakı kilsə və sinaqoqlar haqqında da məlumat verilib. Təqdimatda Qarabağ ərazisindəki Alban kilsələrinin mövcudluğu vurğulanıb.
Üçüncü məktəb isə tarixi mövzu seçiblər. Onlar Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi və bu  Yoldan Avropanın, eləcə də  hollandların da istifadə etməsindən danışıblar.
Qeyd edək ki, 200-dən çox tamaşaçının iştirak etdiyi təqdimatda “Eurovision” mahnı müsabiqəsində Azərbaycan müğənnilərinin səsləndirdiyi mahnılar da ifa olunub.
Xatırladaq ki, bu tədbirlər ECAF-in  “Yolumuz Qarabağadır” layihəsi çərçivəsində keçirilir. Ümumilikdə, bu layihə çərçivəsində əsas məqsəd Dağlıq Qarabağla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə subtil yolla çatdırılması, xüsusilə də holland xalqının ictimai-mədəni tarixində gələcək nəsillər üçün arxivləşdirilməsidir.

Gülnaz Qənbərli

Gununsesi.info