
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyanın Eindhoven Texniki Universitetinin tələbələri dünyanın ilk bioloji avtomobilini hazırlayıblar. Yan və üst hissələrinin ərsəyə gəlməsində tamamilə kətandan istifadə olunmuş avtomobilə “Lina” adı verilib.
Avtomobil rəy almaq məqsədilə 8 may tarixində Hollandiya Yol Nəqliyyat Dairəsinə təqdim olunub. Kətandan hazırlanmış maşının sürəti hazırda velosiped sürətini aşmır. Lakin avtomobili hazırlayan 12 nəfərdən ibarət tələbə qrupu gələcəkdə “Lina”nı daha da inkişaf etdirə biləcəklərinə inanırlar.
Dünyanın ilk bioloji maşınını hazırlayan yaradıcı tələbə heyətini maliyyələşdirən Loes van den Beukenin fikrincə, avtomobil sənayesində istifadə olunan karbon və allüminium kimi kətan da möhkəm xammaldır. Lakin sözügedən materiallar əvəzinə kətana üstünlük verməklə büdcəyə xeyli qənaət etmək olar. Belə ki, kətandan istifadə 6 dəfə ucuz başa gəlir.
Əgər bu avtomobil daha da inkişaf etdirilib istifadəyə verilərsə, benzindən istifadə faizində ciddi şəkildə azalma müşahidə olunacaq.
Gununsesi.info