Honkonq yenidən Böyük Britaniyanın tərkibinə qayıtmaq istəyir - ETİRAZ AKSİYASI

  • By admin
  • 15 Sentyabr 2019 14:41

Honkonqda yüzlərlə etirazçı Böyük Britaniyanın baş konsulluğunun qarşısına gələrək “Tanrım, kraliçanı qoru” himnini oxuyublar.

Gununsesi.org-un məlumatına görə, iştirakçılar yenidən ingilislərin dövründə olan hüquq və azadlıqların geri qaytarılmasını tələb ediblər.

Qeyd olunur ki, artıq bir neçə aydır, dünyanın ən inkişaf etmiş sənaye bölgələrindən sayılan bu əyalətdə Çinin mərkəzi hakimiyyətinə qarşı etirazlar səngimir.

“Bir ölkə, iki sistem prinsipi artıq ölüb, Honkonqu azad edin”, – deyə yüzlərlə insan əllərində Böyük Britaniya bayraqları ilə rəsmi Londona səsləniblər.

Digər qrup isə Honkonq sakinləri üçün xarici pasportlarla bağlı tətbiq edilən qaydaların dəyişdirilməsini tələb edib. Belə ki, artıq muxtar bölgə əhalisi Böyük Britaniyada sadəcə, ilin yarısına qədər qala biləcək.

Xatırladaq ki, Honkonq 1842-ci ildən 1997-ci ilə qədər Böyük Britaniyanın tərkibində olub. Daha sonra isə Çinin idarəçiliyinə keçib. Əldə olunan razılığa əsasən bölgə “bir ölkə, iki sistem” prinsipi ilə idarə olunmalı idi.

Rəsmi Pekin son dövrlərdə Honkonqda baş verən hadisələrə görə Qərb ölkələrini, əsasən ABŞ və Böyük Britaniyanı günahlandırır.

 

Gununsesi.org