Gununsesi.org xəbər verir ki, Honq Konq sakinləri Milad günü səhər çevik polislə etirazçıların toqquşmasından sonra qağıntıların qalıqları və zibil dolu küçələrin şahidi olub.
Hökumətə narazılığını bildirmək və daha çox demokratiya tələb etmək üçün internet vasitəsilə çağırışlara cavab olaraq izdihamlı kütlələr şəhərin bir neçə ticarət mərkəzində və populyar turist məkanlarında toplaşıb.
Polis etirazçıları dağıtmaq üçün məşhur turist bölgəsi olan Tsim Sha Tsui-də bir neçə dəfə insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Daha əvvəl yüzlərlə insan yol hərəkətini pozmağa çalışıb. Polis onlara bunun qanunsuz olduğunu bildirərək xəbərdarlıq edib.
“Honq Konqda çox insanı Milad bayramının belə fərqli keçəcəyini gözləmirdi. Keçən il bir çoxumuz çox xoşbəxt idi və biz Milad axşamının gəlməsini gözləyirdik. Ancaq bu il Milad bayramı mübarizə anı oldu. Təkcə Milad axşamı deyil, Yeni il gecəsi də və gələcəkdəki digər bayramlar da. Hökumət bizim tələblərimizə cavab verənə qədər” – deyə, etirazçı Nigel Çan bildirib.
Toqquşmalar nəticəsində Honq Konqun metro sistemi sərnişinlərin və işçilərin təhlükəsizliyinin qorunması əsas gətirilərək, Tsim Sha Tsui və Mong Kok ticarət bölgəsindəki metro stansiyalarını erkən bağlayıb.
Mübahisəli ekstradisiya qanunu ilə bağlı başlayan hökumət əleyhinə etirazlar artıq yeddinci aydır davam edir və nümayişlərin səngiyəcəyi gözlənilmir. Etirazçılar hökumət ümumi seçki hüququnun təmin olunması və polis qəddarlığına dair müstəqil araşdırma daxil olmaqla, onların siyasi tələblərinə cavab verməyincə geri çəkilməyəcəklərini bildirirlər.
Gununsesi.org