“Hörmüz boğazında güc nisbəti dəyişə bilər”

“İran indiyədək Hörmüz boğazından Çin və Rusiya gəmilərinin keçidinə mane olmurdu. Dünən yayılan məlumata görə, eyni keçid imkanı Hindistan gəmilərinə də verilib. Bu addım bölgədəki dəniz yolları ilə bağlı yeni vəziyyətin yarandığını göstərir”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Asif Şəfəqqətov deyib:

“Bəzi yanaşmalara görə, ABŞ-ın əsas məqsədi İran üzərində təzyiq quraraq Hörmüz boğazına nəzarəti gücləndirmək və bu yolla Çinə yönələn neft və maye qaz daşımalarına təsir imkanını artırmaqdır. Bununla Vaşinqton qlobal təsirini qorumağa çalışır.

Digər tərəfdən, bir sıra qiymətləndirmələrdə qeyd olunur ki, Hörmüz boğazında təsir imkanları getdikcə BRICS ölkələrinin xeyrinə dəyişir. Bu halda həmin ölkələr Fars körfəzindən Qərbə yönələn neft və maye qaz axınını, eləcə də daşınma ödənişlərini tənzimləməklə enerji bazarına təsir göstərə bilər”.

O qeyd edib ki, bu yanaşmaya görə, yaxın dövrdə Hörmüz boğazının əvvəlki qaydada işləməsi ehtimalı zəifləyə bilər:

“Bəzi müşahidəçilər bunu ticarət yollarına nəzarət sahəsində BRICS çərçivəsində ilk ciddi addımlardan biri kimi dəyərləndirir. Növbəti mərhələdə isə Malakka və ya Bab əl-Məndəb boğazı kimi digər mühüm dəniz keçidlərinin də diqqət mərkəzinə düşə biləcəyi ehtimal olunur”.

 

 

Firuzə

Gununsesi.info