Hulusi Kılıç: “Qarabağdakı ermənilər kasıb həyat sürmək istəyirlərsə, Ermənistana getsinlər” - MÜSAHİBƏ + FOTO

“Bu gün Türkiyədə dörd milyondan çox suriyalı var. Təxminən 100 mini Türkiyə vətəndaşlığı alıb. Bizim planımız bu il bir milyon suriyalını evlərinə göndərməkdir. Onlar müvəqqəti qonaqlardır. Müharibə yoxdur, artıq evlərinə qayıtsınlar. Çünki Türkiyədə qalmaları çox məsrəflidir. Türkiyə təkbaşına onların 100 milyardlarla dollar xərclərini qarşılayır. Ona görə də arzumuz suriyalıların qısa zamanda evlərinə qayıtmalarıdır”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri Hulusi Kılıç deyib.

Diplomat Azərbaycanla Ermənistanın sülh danışıqları, Türkiyə-İsrail münasibətləri, Yunanıstanın Aralıq dənizindəki təxribatları, Türkiyənin Suriyadakı planı və digər məsələlər ətrafında sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Bu gün Türkiyə ilə Ermənistan arasında müzakirələr davam etdirilir. Azərbaycanla sülh müqaviləsi imzalanmadan Türkiyə rəsmi İrəvanla münasibətləri normallaşdıra bilər?

– Türkiyə-Ermənistan münasibətlərindən danışmaq üçün 1993-cü ilə nəzər salmalıyıq. 1993-cü ildə Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbilə sərhədi bağladı və diplomatik əlaqələri dayandırdı. Halbuki 1991-ci ildə Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk dövlətlər arasında idi. Ancaq Azərbaycanla Türkiyə qardaşdır, ona görə də həmin sərhəd hələ də bağlıdır, diplomatik əlaqələr də yoxdur.

Doğrudur, əlaqələri normallaşdırmaq üçün yeni bir mərhələ başlayıb. Dörd dəfə görüş oldu. İlki Moskvada, digər üçü isə Vyanada keçirildi. Amma o görüşlər haqqında Azərbaycanımıza məlumat da verildi. Bu görüşlər Azərbaycanın Ermənistanla imzalamaq niyyətində olduğu sülh müqaviləsində ona dəstək olmaq üçün keçirilir. Hər kəs bilməlidir ki, sülh müqaviləsi imzalanmadan Türkiyə Ermənistanla əlaqələri normallaşdırmayacaq. Çünki Türkiyənin Ermənistana ehtiyacı yoxdur. Amma qonşumuzdur, ona görə də istəyirik ki, bölgədə əmin-amanlıq, sabitlik olsun.

– Ermənistanla münasibətlərin normallaşdırılması Türkiyə və Azərbaycana nə verəcək? Bu daha çox kimin xeyrinədir?

– Əlaqələrin normallaşmasında qazanan tərəf Ermənistandır. Çünki Türkiyə, onsuz da, bölgənin güclü bir dövlətidir, Ermənistana ehtiyacı yoxdur. Amma Türkiyədə bu gün Ermənistandan gəlmiş 100 mindən çox erməni var. Deməli, ermənilər Türkiyəyə gedib orada pul qazanmağa çalışırlar. Türkiyənin həmişə Ermənistana dəstəyi olub, yəni ilk müstəqillik vaxtlarında buğda göndərirdi, koronavirus zamanı vaksin göndərdi. İrəvan-İstanbul reyslərinin açılmasını da onlar özləri istəyiblər. Münasibətlərdən ən çox Ermənistan istifadə edir. Biz isə Qafqazda sülh olması üçün münasibətləri normallaşdırmaq niyyətindəyik.

Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması da yenə Ermənistanın işinə yarayacaq. Azərbaycanda, onsuz da, 30 mindən çox erməni əsilli insan var. Bu ölkədə hər kəsə çörək var. Qarabağ Azərbaycandır, orada yaşayan ermənilər kasıb həyat sürmək istəyirlərsə, Ermənistana getsinlər, zəngin bir həyat istəyirlərsə, dərhal vaxt itirmədən Azərbaycan vətəndaşlığına keçsinlər.

– Türkiyə ilə Rusiyanın birgə monitorinq qrupu yaradılmışdı. Hazırda da fəaliyyət göstərir, fəaliyyətin nəticələri barədə məlumat verməyinizi istərdik.

– Məlumdur ki, əsgərlər daha çox bölgədəki terrorçu fəaliyyətləri məruzə edirlər. Erməni terrorçuların Azərbaycana qarşı fəaliyyətlərinə nəzarət edirlər, eyni zamanda sülhməramlı dediyimiz qüvvələrin fəaliyyətini də diqqətdə saxlayırlar. Ümumiləşdirsək, onların fəaliyyəti nəzarət və bir problem olduqda Azərbaycan Müdafiə Nazirliyinə məlumat verməkdir.

– Türkiyənin Bakıdakı səfirliyinin Zəfər Bayramı ilə bağlı təşkil etdiyi tədbirə ilk dəfə olaraq İsrailin Azərbaycandakı səfiri də qatıldı. Əlaqələrin bərpasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

– Türkiyə İsraillə əlaqələrini normallaşdırmaq qərarı verdi. Bu fonda İsrail prezidenti Türkiyəyə, Türkiyə xarici işlər naziri də İsrail və Fələstinə səfər etdi. Həmçinin İsrailin xarici işər naziri də Türkiyəni ziyarət etdi. Yəni Türkiyə-İsrail münasibətləri normallaşmaq dönəminə qədəm qoydu. İndi hər iki ölkə qarşılıqlı olaraq səfir təyin edəcək. Onların əlaqəsinin bərpasında, təbii ki, Azərbaycanın da payı olub, biz bunu minnətdarlıqla qarşılayırıq.

Bu gün İsrailə Bakı-Tbilisi-Ceyhan kəməri ilə Azərbaycan nefti ixrac olunur. Azərbaycan həmişə Türkiyə ilə İsrail münasibətlərinin yaxşı olmasını istəyib. Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyət göstərib. Bu üç dövlətin münasibətlərinin yaxşı olması çox böyük bir güc deməkdir. Bizim birliyimiz sülh, əməkdaşlıq üçündür, kiməsə qarşı deyilik, qorxmasınlar.

– Münasibətlərin gedişatını necə proqnozlaşdırırsınız? Bu tərəfdaşlığın faydaları nədən ibarətdir?

– Türkiyə-İsrail münasibələri həmişə yaxşı olub. Türk xalqı ilə yəhudi xalqı dostdur. 1492-ci ildə yəhudilər İspaniyadan qovulduqda onlara qapısını açan Osmanlı dövləti idi. Yəni türklər İsrail xalqı ilə həmişə birlikdə yaşayıblar. Hitlerin təzyiqindən qurtulan yəhudilərə vətəndaşlıq vermişik, iki dost xalqın bir-birindən uzaqlaşması heç də yaxşı deyil. İsrail bölgədə həm siyasi, həm də iqtisadi gücdür. ABŞ-la yaxın müttəfiqdir. Bu gün müdafiə sənayesində güclü bir dövlətə çevrilib. ABŞ-da nə varsa, İsraildə də var. Ona görə də İsraillə Türkiyənin əməkdaşlığı iki tərəfə də fayda verəcək.

Tükiyə-İsrail əlaqələri Fələstinə görə pozulmuşdu. Amma bu gün artıq Fələstin məsələsini də müzakirə edə bilirik. Yeni mərhələ Fələstin xalqı üçün də çox faydalı olacaq.

– Son vaxtlar gərginləşən Yunanıstan-Türkiyə münasibətlərindən də danışaq. Yunanıstan Aralıq dənizində təxribatlarını artırmaqdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Afinaya sərt xəbərdarlıq edərək tarixi xatırlatma etdi. Sizcə, Yunanıstanla Türkiyə hansısa bir formada hərbi gücə əl ata bilərlər?

– “Bir gecə qəfildən gələ bilərik”, – dedi prezidentimiz. Türkiyə və Yunanıstan NATO üzvü olan ölkələrdir. İki qonşu dövlətik, Türkiyənin Yunanıstan torpaqlarında gözü yoxdur, Yunanıstana qarşı heç bir təhdid formalaşdırmır. 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə tarazlıq yaradıldı, həmin tarazlığa əsasən, münasibətlər bu günə qədər davam edib.

Egey dənizində Türkiyəyə yaxın 12 ada var, onlar demilitarizasiya şərti ilə Yunanıstana verilmişdi. Yunanıstan isə o əraziləri silahlandırdı, Türkiyə üçün təhdid yaratdı. Həmin hissəni özlərinə aid böyük bir ərazi kimi qəbul edirlər. Bu isə həm dəniz hüququna, həm də coğrafiyaya ziddir. Türkiyəyə aid olan suları özlərininki kimi göstərirlər. Son olaraq NATO əməliyyatı zamanı Türkiyə təyyarələrinə “radar kilidi” ataraq təhdid ediblər. Bütün bunlar vəziyyəti gərginləşdirir.

Yunanıstan da Ermənistan kimi uşaq davranışları sərgiləyir, boyunu-çəkisini nəzərə almadan belə addımlar atır. Avropa Birliyini arxasında dayanan güc hesab edir, ABŞ-dakı yunan lobbisinin dəstəyi ilə belə işlər görür. Amma əməlləri olduqca təhlükəlidir, Yunanıstan diqqətli olmalı, bölgədə gərginlik yaratmamalıdır. Türkiyə bir gecə qəfildən gedər və Yunanıstanın güvəndiyi ölkələrin heç biri onun köməyinə gəlməz, necə ki bu gün Rusiya-Ukrayna müharibəsində Ukraynanın yardımına heç kim gəlmir.

– Suriyadakı vəziyyəti də dəyərləndirməyinizi istərdik. Türkiyənin Suriyada keçirəcəyi hərbi əməliyyatlar yenidən böyük savaşı tətikləyə bilərmi?

– Elə bir təhlükə yoxdur. Çünki Türkiyənin Suriya ilə 950 kilometr ortaq sərhədi var. Mən Hələbdə beş il baş konsul olaraq çalışmışam. Türkiyənin istədiyi ona qarşı təhdidlərin olmamasıdır. Biz bölgədə “Zeytun budağı”, “Barış pınarı” kimi əməliyyatlar keçirdik və təhlükəsizliyi təmin etdik. Hazırda Türkiyə 30 kilometr dərinliyində bir təhlükəsizlik zonası yaratmaq istəyir.

– Bu əməliyyatların uğurlu olacağı təqdirdə Türkiyədəki suriyalı qaçqınların ölkələrinə dönmələri təmin ediləcək? Hökumətin planı nədir?

– Bu gün Türkiyədə dörd milyondan çox suriyalı var. Təxminən 100 mini Türkiyə vətəndaşlığı alıb. Bizim planımız bu il bir milyon suriyalını evlərinə göndərməkdir. Onlar müvəqqəti qonaqlardır. Müharibə yoxdur, artıq evlərinə qayıtsınlar. Çünki Türkiyədə qalmaları çox məsrəflidir. Türkiyə təkbaşına onların 100 milyardlarla dollar xərclərini qarşılayır. Heç kim kömək etmir. Ona görə də Türkiyənin arzusu suriyalıların qısa zamanda evlərinə qayıtmalarıdır. Bunun üçün nə lazımdırsa, edirik. Türkiyənin bölgədə keçirdiyi əməliyyatlar da tamamilə təhlükəsizliyi pozacaq ünsürlərin aradan götürülməsinə hesablanıb.

– Qərb mediası mütəmadi olaraq Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksini satın almasından yazır. ABŞ Türkiyəyə “F-35” qırıcılarını satsa, rəsmi Ankara “S-400”lərdən vaz keçə bilər?

– Xeyr, bundan sonra vaz keçməz, pulunu ödədiyi bir şeydən niyə vaz keçsin?! Vaxtında Türkiyə ABŞ-dan “F-35”ləri istədi, amma vermədilər. Türkiyə də pulunu ödəyərək “S-400”ləri aldı. Bu gün “S-300”lər Yunanıstan, Bolqarıstan və Serbiyada var. Buna bir şey deməyən ABŞ Türkiyə “S-400”ləri aldı deyə “F-35” layihəsindən Türkiyəni çıxardı və “F-16”ların modernləşməsi üçün problem yaradır.

– Türkiyənin ölkəmizdəki səfirləri arasında ən gərgin dövrdə fəaliyyət göstərmisiniz, burada hamı tərəfindən sevilirsiniz. Sizə qarşı olan bu münasibəti nəyə borclusunuz?

– Bunun qaynağı Azərbaycana – millətimə hiss etdiyim sevgidir. Əvvəlcə insan olmaq lazımdır. Mən Azərbaycanda səfir olmaq istəmişəm. Həmin vaxt Prezidentimiz Rəcəb Tayyib Ərdoğan baş nazir idi, mən də onun protokol xidməti müdiri idim. Dünyanın hər yerinə gedə bilərdim, amma: “Vətənə gedib, Vətənimdə işləyim, bu güc başqa yerə getməsin, boşa keçməsin”, – dedim.

Buraya gələndə də özümə iki şərt qoydum: bir millətin səfiri olacağam, bir də ortaq düşmənləri sevindirməyəcəyəm. Məsələn, bir böhran yarananda “problem var” demədim, “ailəyik, ailə içində belə problemlər olur, bu bir sınaqdır” dedim. Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaq, Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaqdır. Belə yanaşaraq bu gün hara gəlib çıxmışıq? – Şuşa Bəyannaməsinə! Bəli, münasibətlər bizi bu mərhələyə gətirdi.

Ona görə də mən Azərbaycan rəsmilərinə və xalqına təşəkkür edirəm ki, məni əfsanə etdilər (gülümsəyir). Sağ olsunlar! Mən xalqın içindən çıxan biri olaraq hər şeyimi paylaşdım. Belə bir şansım olduğu üçün Allaha şükür, məni buraya göndərənlərə isə təşəkkür edirəm.

– Azərbaycanda olarkən sizin üçün ən yaddaqalan hadisə nə olub? Bunu oxucularımıza bölüşmək istəyirsiniz?

– Prezident İlham Əliyevin məni mükafatlandırmasını heç vaxt unutmaram, həyatımın ən böyük mükafatıdır. Həmçinin Qəbələdəki görüş, əlaqələrin Qəbələ zirvəsinə çıxışını gördüyüm gün də yaddaşıma həkk olunub.

– Vətən müharibəsindən sonra bu mövzuda kitab ərsəyə gətirdiniz, satışdan əldə etdiyiniz gəlirləri “YAŞAT” Fonduna ianə edəcəkdiniz. Hətta kitabın Türkiyədə də təqdimatı keçirildi. İanəni hissə-hissə, yoxsa toplu etdiniz?

– Kitabın təşkilində, yazılmasında sözçüm Günel xanımın böyük əməyi keçib. Mən Vətən müharibəsi dövründə müsahibələr verdim. Günel xanım sözçüm olaraq o yazıların hamısını yaxından izlədi, görüşlər təşkil etdi, müharibə bitəndən sonra isə onları bir kitab halına çevirmək qərarına gəldik. Kitab hazırlandıqdan sonra isə onu satıb gəliri “YAŞAT” Fonduna ianə etmək istədik. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çox gözəl bir tədbir təşkil etdi. Baş nazirin müavini Əli Əhmədov, millət vəkilləri, Yazıçılar Birliyinin sədri Anar Rzayev tədbirə qatıldılar. Sonra kitabı satdıq, həmin vaxt səhv etmirəmsə, 5 500 manat “YAŞAT” Fonduna ianə etdik.

Daha sonra kitabın İstanbul və Ankarada təqdimatını keçirdik. Ümumilikdə kitabımızın satışından 17 min manat gəlir əldə olundu və hamısı “YAŞAT” Fonduna köçürüldü. Bir kitabın satışından nə qədər gəlirin ola biləcəyini də hər kəs gördü. Biz bununla hüzur tapdıq, həmin pul şəhid və qazi ailələri üçün xərcləndi. Bu yazıları müharibə vaxtı yazdıq və sonda savaşa qatılanların ailələrinə verdik.

– Bir müddət əvvəl İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri vəzifəsinə seçildiniz. Bu çərçivədə yaxın dövrdə hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?

– Üzərində çalışdığımız layihələr var. Türkiyədə Şuşa parkının salınması fikri var. Yaxın dövr üçün bu, mümkün ola bilər. Həmçinin Qarabağla bağlı konfransın keçirilməsi nəzərdə tutulur. Niyyətimiz Qarabağı beynəlxalq miqyasda tanıtmaqdır.

– Bildiyimiz qədər, oğlunuz da diplomatik missiya ilə bağlı Dubaydadır. Diplomatiya mənasında oğlunuzla özünüz arasında nə kimi fərqləri sezirsiniz? Ona hansı məsləhətləri verirsiniz?

– Oğlum olduqca yaxşı bir diplomatdır. Çox yaxşı elm ocaqlarında təhsil alıb. Mənim oxumadığım məktəblərdə oxuyub. O həm Azərbaycanın, həm Türkiyənin diplomatı olaraq yoluna davam edir. Mənim ona deyəcək bir sözüm yoxdur. Kifayət qədər ağıllı, millətini sevən bir oğlum var, onunla fəxr edirəm. İstərəm ki, o da Azərbaycanda səfir kimi fəaliyyət göstərsin. Bura Vətəndir, burada işləmək şansdır, hər kəsə nəsib olmur.

Gununsesi.info