QHT 10 rayonda sorğu keçirib

  • By admin
  • 29 Aprel 2022 14:08

“Humanitar Tədqiqatlar” İctimai Birliyi “Müharibənin təsirlərinin öyrənilməsi və hesabatın hazırlanması” layihəsinin icrasını yekunlaşdırıb.

Layihənin sonuncu mərhələsində regionlarda keçirilən sorğunun nəticələri təhlil edilib. Müharibənin təsirinə məruz qalan əhali qruplarının problemləri müəyyənləşdirilərək bu təsirlərin aradan qaldırılması istiqamətində görülən işlərin nəticələri təhlil olunub. Daha sonra əldə olunan nəticələr, müharibənin təsirinə məruz qalan insanların problemləri, həmin təsirlərin aradan qaldırılması üçün görülən və görülməsi zəruri olan məsələlərlə bağlı onlayn ictimai müzakirə təşkil edilib. Onlayn keçirilən ictimai müzakirəyə ölkənin tanınmış vətəndaş cəmiyyəti institutu təmsilçiləri qatılıb.

“Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat verib. Tovuz, Qazax, Gəncə, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında müharibədən zərər çəkən şəxslər arasında keçirilən sorğunun nəticəsi müzakirə iştirakçılarına təqdim olunub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Fuad Rzazadə Agentliyin fəaliyyəti, ötən müddət ərzində görülən işlərlə bağlı məlumat verib.

Daha sonra müharibənin təsirinə məruz qalan insanların problemləri, həmin təsirlərin aradan qaldırılması üçün görülən və görülməsi zəruri olan məsələlərlə bağlı ictimai müzakirə iştirakçılarının fikirləri dinlənilib. İctimai müzakirədə səsləndirilən təkliflər də nəzərə alınmaqla müharibənin təsirinə məruz qalan əhali qrupları (uşaqlar, gənclər, yaşlılar, kişilər, qadınlar) və infrastruktur haqqında araşdırmaların nəticələrinin, problemlərin həlli ilə bağlı təkliflərin yer aldığı hesabat hazırlanıb. Hazırlanan hesabat aidiyyatı dövlət orqanlarına, vətəndaş cəmiyyəti institutlarına təqdim olunacaq və ictimailəşdiriləcək.

Gununsesi.info