Humanitar yardım daşıyan 200 yük maşını Qəzzaya daxil olub

  • By admin
  • 28 Noyabr 2023 17:25

Humanitar yardım daşıyan iki yüz yük maşını İsrail və Həmas arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq noyabrın 27-də Qəzza zolağına daxil olub.

Gununsesi.info bildirir ki, bu barədə “Anadolu”ya Rəfah keçid məntəqəsinin mətbuat xidmətinin rəhbəri Veyl Ebu Muhsin məlumat verib.

“Dünən 200 yük maşını humanitar yardımla Qəzzaya daxil olub, onlardan dördü məişət qazı ilə, üçü yanacaqla”, – deyə Muhsin bildirib.

Onun sözlərinə görə, Qəzza zolağından 17 yaralı müalicə üçün Misir xəstəxanalarına aparılıb. O əlavə edib ki, humanitar yardımın çatdırılması davam edəcək.

İsrail və HƏMAS arasında münaqişədə dörd günlük humanitar fasilə haqqında razılaşma cümə günü, noyabrın 24-də yerli vaxtla saat 07:00-da qüvvəyə minib.

HƏMAS daha əvvəl bildirmişdi ki, “humanitar atəşkəs” gündə 200 yük maşınının humanitar yardımla, dördünün isə yanacaq və məişət qazı ilə daxil olmasıdır.

Noyabrın 27-də Qətər bəyan etdi ki, vasitəçilik səyləri nəticəsində HƏMAS və İsrail arasında “humanitar fasilə” daha iki gün uzadılıb.

Gununsesi.info