“Avropa Şurasına üzv ölkələrdə məhbus sayı açıqlanıb və statiskaya görə Azərbaycan ön sıralardadır. Biz insan hüquqları təşkilatı olaraq ölkə həbsxanalarındakı ümumi vəziyyət, o cümlədən sıxlıq və şəraitsizliklə bağlı dəfələrlə vurğulamışıq. Təəssüf ki, bu məsələlərə ciddi yanaşılmır”.
Bunu Gununsesi.info-ya açıqlamasında İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Cəfərli Avropa Şurasının 2023-cü il üçün Həbsxana Əhalisinə dair İllik Cəza Statistikasına (SPACE I) dair hesabatı şərh edərkən deyib.
Qeyd edək ki, adıçəkilən sənəddə Azərbaycanda məhbus sayının çox olduğu vurğulanır.
Hüquq müdafiəçisi bildirir ki, Azərbaycanda dövlətin cəza icra siyasətində problem məhbus sayının çox olması ilə yanaşı həm də məhkumların saxlanma şəraiti ilə bağlıdır: “Biz həbsxanalardakı acınacaqlı şəraitin aradan qaldırılması üçün təkliflərimizi də səsləndirmişik. Hesab edirik ki, həbsxanaların regionlar üzrə yerləşdirilməsi, şəraitin yaxşılaşdırılması, nizam-intizamın yüksək səviyyəyə çatdırılması labüddür. Həbsxanalardakı sıxlıq məsələsi həm də cəza siyasətinin, cinayət qanunvericiliyin sərt və adekvat olmaması ilə bağlıdır. Cəza siyasətində, cinayət qanunvericiliyində də dəyişikliklər edilməlidir”.
Fikrət Cəfərlinin sözlərinə görə, Azərbaycanda məhkəməyə qədərki həbs növlərində daha çox həbsqətimkan tədbirinə yer verilir: “Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri də var. Amma yerli məhkəmələr buna əməl etmir. Demək olar ki, Avropa Məhkəməsi ən çox Azərbaycanı konvensiyanın 5 -ci (Azadlıq hüququ) maddəsinin pozuntu ilə cəzalandırır. Azərbaycanda məhkəməyə qədərki müddətdə alternativ qətimkan tədbirlərinə yer verilmir. Ona görə də mən bu hesabatı haqlı hesab edirəm”.
Elmar
Gununsesi.info