“Hüquq-mühafizə orqanları notariuslara qanunsuz göstərişlər verir” -Hüquqşünas

Azərbaycanda barəsində cinayət işi açılmış şəxslərin, eləcə də bəzən onların qohumlarının etibarnamə vermək hüququ məhdudlaşdırılır.

Belə ki, bu şəxslər notariusa etibarnamə təsdiqlətmək üçün müraciət etdikdə, notariuslar imtina edirlər. Bu qərarın hüquqi əsasları və ədalətliliyi isə mübahisə doğurur.

Gununsesi.info-ya danışan hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, belə bir məhdudiyyətin qoyulması absurddur və qanuna ziddir.

“Məhkəmə qərarları açıq şəkildə dərc olunur, buna görə də hansısa hakimin belə bir özbaşınalığa yol verməsi inandırıcı deyil — ən azı reputasiya baxımından. Böyük ehtimalla bu qanunsuz göstəriş qeyri-rəsmi şəkildə hüquq-mühafizə orqanlarından gəlir, notariuslar da əsassız olaraq ona əməl edirlər. Bu addım o qədər antihüquqidir ki, nə deyəcəyini belə bilmir insan. Axı, azadlıqdan məhrum edilmiş ən qatı cinayətkar belə etibarnamə vermək hüququna malikdir. Kiminsə bu hüquqdan məhrum edilməsi onun mülki hüquq qabiliyyətindən məhrum olunması deməkdir. Bu, sanki insanı “kölə” və ya “quldur” kimi göstərməkdir,” – deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, Mülki Məcəllənin 25-ci maddəsi açıq şəkildə qeyd edir ki, hər kəsin mülki hüquq qabiliyyəti bərabər tanınır, bu qabiliyyət doğulduğu andan yaranır və ölümü ilə xətm olunur, insan bu hüquqdan məhrum edilə bilməz:

“Hər kəsin qanuni hüququ varsa, onu etibarnamə vasitəsilə başqasına həvalə edə bilər. Əgər etibarnamə verə bilmirsə, deməli, hüquqlarını da həyata keçirə bilmir — bu isə tam hüquqsuzluq deməkdir.

Əgər məqsəd hansısa şəxsin əmlakını satmasının qarşısını almaqdırsa, bunun qanuni yolu var. Həmin əmlaka məhkəmə qərarı ilə həbs qoymaq mümkündür. Məhdudiyyət konkret olmalıdır, ümumi yox. İndi isə vəziyyət o yerə çatıb ki, şəxs hətta məhkəmədə onu təmsil edəcək vəkilə də etibarnamə verə bilmir. Bu, sadəcə biabırçılıqdır. Həqiqətən, analoqumuz yoxdur”.

 

 

 

Şəbnəm

Gununsesi.info