“Hüquqdan danışan böyük dövlətlər bir güzgüdə özlərinə baxsınlar” - Novruz Məmmədov

  • By admin
  • 07 Oktyabr 2016 10:10

novruz 

ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə qədər hansı məntiqli variant irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Azərbaycanın  Dağlıq Qarabağ ətrafındakı 7 rayonu niyə azad edilmir? İnsan hüquqlarından, beynəlxalq hüquqdan danışan böyük dövlətlər bir güzgüdə özlərinə baxsınlar”.

Gununsesi.info-nun xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışında deyib. 

N. Məmmədovun fikrincə, iş o yerə çatıb ki, ABŞ dövlət katibi dünyaya guya mesaj verir ki, liderlər münaqişənin həllinə hazır deyillər: “Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıb? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin. Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. Ermənistan iddia edir ki, Azərbaycan kompromislərə hazır deyil. Ermənistan bunu dedikdə Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tutur. Con Kerrinin bəyanatı daha çox Ermənistanın bu mövqeyinə bənzəyir. ABŞ-ın müvafiq qurumları Con Kerrinin bəyanatları ilə bağlı müvafiq izahat verməlidir. Ermənistan münaqişənin həllinin uzadılmasına çalışır, belə bəyanatlar da buna əsas yaradır”.

Dünya birliyinin  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən N.Məmmədov  təəssüflə qeyd edib ki,   münaqişə hələdə həllini tapmır: “ Beynəlxalq birlik daxilində gərginlik beynəlxalq hüquqa riayət edilməməsinin nəticəsidir”-, deyə o vurğulayıb.

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Qarabağ münaqişəsindən danışarkən Xocalı soyqırımını kənara qoymaq olmaz: “Ermənistan olmayan soyqırımını dünyaya guya həqiqətən törədilmiş kimi təqdim etməyə çalışır. Ancaq Xocalı soyqırımı ötən əsrdə törədilmiş son soyqırımıdır. Dünyanın bir çox ölkəsi, o cümlədən ABŞ-ın bir sıra ştatı Xocalısoyqırımını tanıyıb”.

Gülnaz Qənbərli

Gununsesi.info