“Hüquqlarımızı bilək” adlı kampaniyaya start verilib

  • By admin
  • 02 May 2017 16:18

xanoglan

Bakıda “Hüquqlarımızı bilək” sosial-hüquqi maarifləndirmə kampaniyasına start verilib.

Bu barədə Gununsesi.info-ya Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

Onun sözlərinə görə, artıq təşkilat “Vətəndaşların müraciətlərinə baxılması istiqamətində sosial-hüquqi maarifləndirmə işinin təşkili” mövzusunda layihə həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan layihənin hazırlıq işləri artıq yekunlaşıb.

X.Əhmədov bildirib ki, layihədə Bakı şəhəri, Salyan və Neftçala rayonlarında vətəndaşların ərizə və müraciətlərinə baxılması vəziyyətinin, yeni təcrübənin tətbiqinin, elektron xidmətlərin tətbiqi işinin  təkmilləşdirməsinə yardım göstərilməsinin təşkilindən, vətəndaşlara sosial hüquqların təmin edilməsi məqsədilə hüquqi məsləhət xidmətlərinin göstərilməsindən eləcə də, maarifləndirmə və məlumatlandırma tədbirlərinin həyata keçirilməsindən bəhs edilir: “Artıq bir neçə gündür ki, layihə çərçivəsində  Bakı şəhərində “Vətəndaş məsləhətçisi” ofisi fəaliyyətə başlayıb və sosial maarifləndirmə xidməti üzrə “Qaynar xətt” yaradılıb”.

O əlavə edib ki, vətəndaşlar “Qaynar xətt”in xidmətindən yararlanmaq üçün 077 323 51 05 saylı telefona zəng edə  və yaxud müraciətlərini e-mail-ə (mmc-ib@mail.ru) göndərə bilərlər. “Eyni zamanda vətəndaşlara praktik sosial-hüquqi yardım, məsləhətlər və texniki xidmətlər göstərliləcək. Bundan əlavə, may ayının 1-dən etibarən “Hüquqlarımızı bilək” sosial-hüquqi maarifləndirmə kampaniyası həyata keçirilir”- deyə layihə rəhbəri qeyd edib.

X.Əhmədov bildirib ki, bundan başqa layihənin icra planına uyğun olaraq Salyan şəhərində vətəndaşlar, maraqlı tərəflər və mətbuat nümayəndələri üçün “Şəffaf qəbul” günü-vətəndaş forumu təşkil ediləcək.

Təşkilat rəhbəri deyib ki, “Şəffaf qəbul” gününün təşkilində başlıca məqsəd ictimaiyyəti günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, vətəndaşlara sosial-hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarını cavablandırmaqdır.

O deyib ki, layihə çərçivəsində həmçinin  Salyan və Neftçala şəhərlərində aidiyyəti qurum nümayəndələrinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə “Əhalinin sosial-hüquqi maarifləndirmə-məlumatlandırma işinin təşkilində QHT və KİV-lərin rolu” və “Məmur-vətəndaş münasibətlərininmövcud vəziyyəti və problemlər” mövzusunda 2 ictimai müzakirənin keçirilməsi nəzərdə tutulur. “İctimai müzakirələrdə problemlər və çıxış yolları müzakirə olunacaq” –  deyə, X.Əhmədov əlavə edib.

Mürtəza

Gununsesi.info