

“Azərbaycan qanunvericiliyinə görə, hakimin hansısa dövlət qrumunun əməkdaşının təltif edilməsi və ya mükafatlandırılması haqda qərar verməsi ilə bağlı hər hansı müddəa yoxdur”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında hüquqşünas Müzəffər Baxış Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun vaxtı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova qurumun Anti-Terror Mərkəzinin bir qrup əməkdaşının mükafatlandırılması ilə bağlı müraciət etməsini şərh edərkən deyib.
Xatırladaq ki, insan hüquqları müdafiəçisi Oqtay Gülalıyev özünün sosial şəbəkədəki səhifəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun MTN-nin sabiq şefi Eldar Mahmudova yazdığı məktubu paylaşıb. Həmən məktubda hakim Ənvər Seyidov MTN- nin Anti-Terror Mərkəzinin bir qrup əməkdaşının vicdanlı və ləyaqətli hərəkətlərinə görə mükafatlandırılmasını xahiş edib..
Onun sözlərinə görə, nə Cinayət-Prosesual Məcəllədə, nə Cinayət Məcəlləsində, nə “Məhkəmələr və hakimlər haqqında” qanunda hakimlərin hər hansı dövlər orqanının əməkdaşının təltif və ya mükafatlandırılması ilə bağlı həmin dövlət qurumu qarşısında tələb qaldırmaq hüququ yoxdur.
“Əgər qanunvericilikdə belə bir müddəa nəzərdə tutulmayıbsa, hakim belə bir müraciəti edə bilməz. İndi hansı hakim hansısa orqanın əməkdaşlarının təltif edilməsi barədə müraciət edibsə, bu, qanunsuzdur”- deyə, M. Baxış vurğulayıb.
Hüquqşünas onu da əlavə edib ki, Azərbaycanda yazılmamış qanunlara əsasən, hakimlərin, xüsusilə, MTN-də, prokurorluq və digər hüquq-mühafizə orqanlarında çalışan və siyasi sifarişli işlər üzrə proseslərdə iştirak edən əməkdaşlarının mükafatlandırlması bir ənənə halını alb: “Mən bunun tam məsuliyyətimlə deyə bilərəm ki, bunu hakimlər həmin qurumların rəhbərlərinə yarınmaq üçün edirlər. Amma qanunvericilikdə hakimlərə hansısa dövlət orqanının əməkdaşınının mükafatlandırılması barədə nə müddəa, nə də ki, belə bir hal, səlahiyyət nəzərdə tutulub.Bir daha təkrar edirəm, bu, Azərbaycanda yazılmamış qanunlara əsasında baş verir”.
Gununsesi.info