Hüquqşünas TIR sürücülərinin işinə ədalət İSTƏDİ

“Dünən Heydər Əliyev prospektini etiraz olaraq yük avtomobilləri ilə bağlayan sürücülər barəsində cinayət işi başlanması barədə rəsmi xəbər verilib. Düşünürəm ki, bu ən düzgün çıxış yolu deyil”.

Bunu Modern.az-a nəqliyyat məslələri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

HTML tutorial

O bu işin ədalətli və obyektiv araşdırılmasına çağırış edib:

“Düzdür, peşəkar hüquqşünas olaraq ibtidai araşdırma aparan orqanların işinə müdaxilə etmək fikrində deyiləm. Amma çox istərdim ki, bu iş ədalətli və obyektiv olaraq bütün təfsilatları ilə araşdırılsın”.

Ə.Hüseynov bildirib ki, bu fakta sadəcə “4 nəfər bir neçə min adamın yolunu bağlayıb ictimai qaydanı pozdu” kimi qiymət verilməməlidir:

“Əminəm ki, detallı və hərtərəfli araşdırma getsə, məlum olacaq ki, ölkəmizdə kommersiya təyinatlı yükdaşımalarda, xüsusən beynəlxalq daşımalarda, elə həmin icazələrin verilməsi işində çox ciddi problemlər var. Hətta elə həmin problemlər səbəbindən xarici ölkələrin daşıyıcıları bizim milli daşıyıcıları əməlli-başlı öz bazarımızda da sıxışdırırlar. Ümid edirəm ki, belə təfərrüatlı araşdırmalardan sonra başqa şəxslərin – bu problemi yaradanların məsuliyyətə cəlb edilməsi, yolu bağlayanlar barəsində isə cinayət təqibinə xitam verilməsi də mümkündür”.

Xatırladaq ki, dünən Heydər Əliyev prospektində yolu bağlayan sürücülər TIR-lardan birinin üzərində etirazın səbəbi kimi belə yazmışdılar:

“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.

Hadisəyə polis müdaxiləsindən sonra yol açılıb, sürücülər isə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi açılıb.

Gununsesi.info