Hüquqşünaslar nümayəndəlik institutunun ləğvi ilə bağlı Azərbaycan prezidentinə müraciət hazırlayıb.
Bu barədə Gununsesi.info-ya millət vəkili Çingiz Qənizadə məlumat verib.
Onun sözlərinə görə, bir neçə hüquqşünaslar təşkilatı, eyni zamanda nümayəndəlik fəaliyyəti göstərən şəxslər oktyabrın 31-də Milli Məclisdə Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliyin qəbul olunmasından narahatlıq keçirdiklərini ifadə edərək, Azərbaycan prezidentindən öz müstəsna səlahiyyətindən istifadə edərək qanuna yenidən baxılması barədə göstəriş verməsini xahiş ediblər.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hüquqşünaslar hesab edirlər ki, Azərbaycanda lazımi səviyyədə vəkil korpusunun olmadığı bir şəraitdə nümayəndəlik institutunun ləğvi məhkəmələrdə insanların keyfiyyətli müdafiəsinin təşkil edilməsində deyil, əksinə ciddi narazılığın yaranmasına şərait yaradacaq.
Hüquqşünaslar yaranmış vəziyyətlə bağlı öz təkliflərini də veriblər. Onlar nümayəndəlik institutunun tam aradan qaldırılmasını deyil, bu institutda islahatların aparılması və daha təkmil formada fəaliyyət göstərməsi, həmçinin vətəndaşların keyfiyyətli hüquqlarının müdafiəsinin təşkili ilə əlaqədar olaraq təkliflərini irəli sürüblər.
Müraciətdə Azərbaycanda vəkil korpusunun beynəlxalq standartların tələblərinə uyğun şəkildə formalaşdırlması, yəni onların sayının bir neçə minə çatdırılması və bu zaman vəkillik fəaliyyəti ilə bağlı işə qəbul qaydalarınının dəyişdirilməsi, onun sadələşdirilməsi ilə bağlı təkliflər də yer alıb.
Hüquqşünaslar indiki vəziyyətdə Azərbaycanda uzun illərdir praktikada fərdi hüquq xidməti göstərən nümayəndələrin üzləşdiyi problemin həllində ölkə başçısından dəstək istəyirlər. Onlar Azərbaycan prezidentinin bu sahədəki öz səlahiyyətindən istifadə edərək nümayəndəlik institutunun təkmilləşdirilməsi, bu sahədə islahatların aparılması, vəkil korpusunun formalaşdırılması ilə bağlı məsələyə yenidən baxılaraq, Azərbaycan reallığı nəzərə alınmaqla həllini xahiş ediblər.
Müraciətin bu günlərdə ölkə başçısına ünvanlanması nəzərdə tutulur.
Mürtəza
Gununsesi.info