Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev həbsxanada infarkt keçirib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.
Onun sözlərinə görə, uzun zamandır ki, ağrılardan əziyyət çəkən Hüseyn Abdullayev bir neçə gün əvvəl infarkt keçirib.
Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Gununsesi.info-ya açıqlamasında hazırda vəziyyəti pis olan övladının Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istədiklərini deyib: “Hüseyn xeyli vaxtdır boğulmalardan, ürək ağrılarından şikayət edirdi. Nəhayət bir neçə gün əvvəl onun ağır nəticəsi oldu. Diaqnoza görə Hüseyn infarkt keçirib. İndi isə heç olmasa onu ölümdən xilas etmək üçün müalicə müəssisəsinə köçürsünlər. Oğlumun vəziyyəti çox ağırdır, acınacaqlıdır. Bir ana kimi mən buna dözə bilmirəm. Hüseyn təcili müalicə müəssisəsinə köçürülməlidir”.
Şəbnəm
Gununsesi.info