Hüseyn Abdullayev İlham Əliyevə müraciət etdi - MƏRHUM ATANIZLA NƏ QƏDƏR YAXIN OLDUĞUMU...

  • By admin
  • 30 Mart 2021 18:59

Üç ildir həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından çıxarılması üçün prezidentə müraciət edib. Həm mənəvi, həm də psixoloji işgəncələrə məruz qaldığını, səhhətində ciddi problemlər yarandığından həyatını itirmək təhlükəsi ilə üzləşdiyini vurğulayan sabiq deputat bu durumda başqa çıxış yolu görmədiyini bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Hüseyn Abdullayev müraciətində yazıb ki, həbsini təşkil edən qüvvələr onun haqqında yanlış fikir formalaşdırıb, böhtanlar yayıb.

“Mənim mərhum atanızla nə qədər yaxın olduğumu, onun mənə nə qədər inandığını və dövlətçiliyimizin bərkidilməsi istiqamətində heç nəyimi əsirgəmədiyimi Siz də bilirsiniz. Bir Allah şahiddir ki, nə mən, nə də məndən uzaq düşən anam bu cür zülmü, məlum qüvvələrin təzyiqlərini haqq etməmişik. Ona görə də mən uğrunda can qoyduğum, sabitliyi üçün gəncliyimi sərf etdiyim Azərbaycan vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Öz elimdə düşmən kimi qəbul edilməyim məni belə bir ağır qərara vadar etdi”.

Abdullayevin belə bir müraciəti olduğunu anası da AzadlıqRadiosuna təsdiqləyib. Zeynəb Abdullayeva bildirib ki, oğlu belə bir addım atmağa məcbur olub: “Ona çox pis təsir edir ki, dövlətin indiki vəziyyətə hansı çətinliklərlə gəlib çıxdığından xəbəri olmayanların əli ilə ona zülm olunur. Halbuki, dövlətin qorunmasında onların yox, Hüseynin xidmətləri olub”.

Abdullayeva vurğulayıb ki, BMT-nin Əsassız həbslərlə bağlı İşçi Qrupu da qərarında oğlunun Türkiyədə saxlanıb Azərbaycana təhvil verilməsini qanunsuz sayıb, onun təcili azadlığa buraxılması haqda qərar çıxarıb. Amma Azərbaycan hökuməti o qərarı icra etmir.