
“Mən dünən Hüseynlə görüşdüm. Vəziyyəti çox pisdir. Təzyiqini salmaq üçün gündə 3 dəfə iynə vurulur. Mən övladımı bu vəziyyətdə görəndə özüm ölmək istəyirəm. Balam orada, mən də burada əzab çəkirik. Mən cənab Prezidentdən xahiş edirəm ki, hüquq-mühafizə orqanlarına göstəriş versin, Hüseynə qarşı ədaləti təmin eləsinlər”.
Bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat, iş adamı Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib.
Övladlının 6 illik həbsxana həyatına çətinliklə tab gətirdiklərini vurğulayan Zeynəb Abdullayeva ona yeni ittihamların irəli sürülməsinin haqsız olduğunu deyib: “İmam Hüseynə bu qədər zülm yaşatmayıblar. Mənim balamın günahı, nədir axı? O canını, həyatını dövlətə, prezidentə xidmətə sərf edib. Mənim övladım 21 yaşından Heydər Əliyevə xidmət edib. Ölkənin, dövlətin ən ağır günlərində canını, pulunu xərcləyib. Oğlumun sağlamlığı yerində deyil. Səhhəti doğrudan çox pisdir, səsimizi eşidən isə yoxdur. Mən Prezidentimizdən artıq dərəcədə xahiş edirəm ki, Hüseynə qarşı ədaləti bərqərar eləsin. Oğlumun heç kəsi yoxdur, evlənməyib, ailə-uşaq sahibi deyil. Atasını itirdi. Mən xəstə, yaşlı adamam. Mən onu o vəziyyətdə görəndə ürəyim tab gətirmir. Ana-oğul bir-birimizə təsəlli veririk. Çox çarəsiz durumdayıq”.
Elmar
Gununsesi.info