Hüseyn Cavidə ikinci məktub - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 24 Oktyabr 2017 17:42

leman

Salam Cavid Əfəndi. Bu sənə sayca ikinci məktubumdur. Birincini ötən ilin bu günündə yazmışdım. Çatdımı, batdımı bilmirəm?! Amma bizim boynumuzun borcu səni yad etməkdir. Etməsək olmaz. Ruhun inciyər bizdən. Ən azı ona görə ki, payızın ikinci ayında iki hadisə səni bizə xatırladır. 1882-ci il oktyabrın 24-də anadan olmusan, 1982-ci il oktyabrın 26-da Sibirdə donan sümüklərin Vətən torpağına daşınıb. İndi o donan sümüklərin sızıldayar səni xatırlamasaq. Sən necə, xatırlayırsanmı bizi? Nə əcaib sürü, yahu, bunlar?-deyirdin ha, bax iştə yenə o bizik . Yəni, yenə də “cühəla elm, fəzilət satıyor, bizi həp aldadıyor, aldadıyor. Kəndi əxlaqi sönükkən həpsi Yeltənir verməyə əxlaq dərsi.

Hə, Cavid əfəndi, bu gün də ətrafımız dolu o əxlaqi sönüklərlə. O gün bir jurnalist dostumla söhbət edirəm. İşlədiyi ali təhsil müəssisəsinə, aldığı yüksək maaşa tüpürüb çıxıb. Soruşuram axı niyə? Deyir ki, katibə prorektora dərs deyir, yeri gələndə onu uşaq kimi danlayır, rektor hamını söyüb-batırır, Yəni sənin təbirincə desək, “rəqsi təlim ediyor axsaqlar”. Bu axsaqlara qarşı gözəl oyun nümayiş etdirmək heç cür mümkün deyil. Çünki “bir yığın kor qılavuzluq yaparaq Göstərir zülməti aydın, parlaq”.

Bəli, dərdimiz çəkiləsi deyil Cavid əfəndi. Bu “kor qılavuzluq yapanlar” cəmiyyətin bütün sferasına ələnib. Təhsil sahəsində lap çoxdu sayları. Kaş bircə günlüyünə Allahın əmriylə bu məmləkətə geri dönə biləydiniz. Sizə məmnuniyyətlə dərsliklərimizdəki əngəlləri göstərərdik. Dünən birinci sinifdə oxuyan qızımın riyaziyyat kitabına baxıram və belə başa düşürəm ki, hətta Qaluanın özü də bizim dərslik yazanlara həsəd aparar. Deməli, birinci sinfin riyaziyyat dərsliyində 32 –ci səhifədən dərhal sonra 17-ci səhifə gəlir. Sonra birdən-birə 51-ci səhifəni qarşımızda görürük. 32-dən sonra 33-ün gəldiyinə uşağı inandıra bilmirəm. İki ayağını bir başmağa dirəyir ki, kitabı yazan əmilər, xalalar daha ağıllıdırlar, onlar səhv edə bilməzlər. Deməli, 32-dən sonra 17, sonra 51 gəlməlidir. Gülməyinmi gəldi, Cavid əfəndi? Mənim isə lap hönkürüb ağlamağım gəlir.

huseyncavid

Belə təhsillə “Gülbahar”ımın gələcəyindən əmin deyiləm. Onu savadlı, kübar böyütməyin çətin olacağının fərqindəyəm. Belə şeylərə görədir ki, tanıdıqlarımızdan hər gün daha biri yaşamaq üçün başqa ölkəyə mühacirət edir. Toplumun xüsusilə üz tutduğu yer Almaniyadır. O ölkəyə sən də getmişdin mən bilən. Müalicə üçün. Və düz 7 ay Berlində qalmışşdın. Söhbət 1926-cı ildən gedir. Amma indi bayırda 2017-ci ildir. Berlinə müalicəyə getmək sadə azərbaycanlı üçün qeyri-mümkündür, mühacirətə getmək nisbətən mümkün. Sən Berlindən “Azər”lə qayıtmışdın, poemalarının ən gözəli ilə. Bu gün Berlində doğulan Azərlər isə inanmıram ki, bir də vətənə qayıtsınlar. Onlar üçün Vətən Almaniyadan başlayıır. Əvvəl onları qınayırdım. İndi hamilə tanışımın uşağını Almaniyada doğmaq üçün çarələr axtarmağını soyuqqanlı qarşılayır, hətta deyirəm ki, imkan olsa bizi də çağır. Deyə bilərsən ki, bəs “Ana Vətən çağırır” kimi mübariz ruhlu şüarlar hara yoxa çıxdı? Yoxsa müharibə qurtarıbmı? Yox, müharibə acı bağırsaqdır, uzandıqca uzanır. Gələn il Dağlıq Qarabağ münaqişəsinin 30 illiyi olacaq. 30 il bir igidin ömrü, həm də ölümüdür. Bax indi sənə məktub yazanda daha bir igidimiz şəhid olub. Mətbuat səhərdən onun atasının şəklini paylaşır. Adam ayaq üstə ölüb. Bir dəri, bir sümükdür. Zatən müharibə də elə bir dəri, bir sümüklərin müharibəsidir. Bu müharibədə bir varlı usağı ölmədi, Cavid əfəndi. Ölməsin də. Heç kimin usağı, heç kimin balası ölməsin. Münaqişələri alovlandıranlar ölsün!. İblislər ölsün! İblis nədir? Cümlə xəyanətlərə bais Ya hər kəsə xain olan insan nədir? İblis!

Siz – Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi üçün həmişə bu fəlsəfə aktual olub. “İnsan insana qurddur!” Necə də düz demisiz. Bu gün bütün bəşəriyyət bir birinə qənim kəsilib. İblislər meydan sulayır. Dünya özü boyda qan çanağıdır. Yəni heç təəssüflənməyin ki, zamanında dünyaya gəlməmisiniz. Əgər bu zamanda doğulsaydız, aqibətiniz yenə fərqli olmayacaqdı. Deyəcəksən ki, bu nə pessimist məktubdur yazmısan? Ovqat məktubudur, ədibim! Ovqatımı heç cür yüksəldə bilmirəm. Nəfəsim tıxanır, boğuluram, ağ ciyər xəstələri kimi. Bu dəqiqə boğazımdan bir udum su da keçməz. Su demişkən, sonda bir xəbər verim sənin də boğazın qurusun. Deməli, “Meliorasiya və Su Təsərürfatı” ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsi, o idarənin də Mirzalı Behbudov adlı rəisi varmış. O rəisin Elşən adlı oğlu vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldırıb. Nə istəyir atasından? “Varovski”dəki altı villadan pay istəyir, bir neçə maşın təmiri servisindən pay istəyir, Bakı şəhərində yerləşən “Mətin”,”Səma” ,”Mələk” şadlıq saraylarından pay istəyir. Və… Ağdam rayonunda olan “Araz” şadlıq sarayından özünə düşən əmlak payını qaytarmaq istəyir.

Əgər Mirzalının oğlu Ağdamı qaytarmaq istəsəydi,təəccüblənərdim Cavid əfəndi. Sən də deyirsən ki, niyə bu qədər pessimistsən?

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info