Hüseyn Məlik həbs edildi

Sentyabrın 11-də Bakının Səbayel Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məliki İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edib.

Gununsesi.info-nun xəbərinə görə, ADR Hərəkatı bildirir ki, Hüseyn Məlikin həbsi sifarişlidir, onun sosial şəbəkədəki tənqidi postları ilə əlaqədardır. Sonuncu postlarından birində Hüseyn bəy Tofiq Yaqublunun həbsinə kəskin etiraz etmiş və bununla bağlı dövlət başçısına çağırış etmişdir.
Hüseyn bəy dünən axşam, doğum günündə evindən polis idarəsinə aparılıb və bugün məhkəmə qərarı ilə həbs edilib. Odur ki, onun əməlində polisin qanuni tələbinə tabe olma halı yoxdur. ADR Hərəkatı həbsi pisləyir və qanunsuz sayır.

Gununsesi.info