“Hyundai” və “Kia” ABŞ və Kanadada yarım milyondan çox avtomobili geri çağırır

  • By admin
  • 10 Fevral 2022 15:29

Koreya avtomobil istehsalçıları “Hyundai Motor Co. Ltd.” və “Kia Corp.” mühərrikin yanmasına səbəb ola biləcək nasazlıqlara görə ABŞ və Kanadada 551,9 min avtomobili geri çağırır. Maşınların vəziyyətini yoxlamazdan əvvəl istehsalçılar avtomobil sahiblərinə avtomobillərini binalardan kənarda, açıq havada saxlamağı tövsiyə edirlər.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Dow Jones” agentliyi yazır.

“Hyundai” üzrə ABŞ-da 357 830, Kanadada isə 67 355 avtomobil geri çağırılıb. Bura 2014-2015-ci illərdə iostehsal olunan “Tucson”, 2016-2018-ci il istehsallı “Santa Fe”, 2017-2018-ci ilin “Santa Fe Sport” və 2019-cu ilin “Santa Fe XL” modelləri daxildir.

“Kia” üzrə isə 2014-2016-cı illərdə istehsal olunan 126 747 “Sportage” modeli və 2016-2018-ci illərin K900 modelləri geri çağırılıb.

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi qeyd edir ki (NHTSA), geri çağırılma qısaqapanmaya səbəb ola bilən bloklanmaya qarşı əyləc sistemindəki (ABS) qüsurlarla əlaqədardır ki, bu da avtomobili təkcə idarə edərkən deyil, həm də mühərriki söndürülərkən və ya park edərkən yanğın riskinə səbəb olur. Nasazlığın əlaməti yanan ABS göstəricisi, həmçinin mühərrikdən yanma qoxusu və tüstü ola bilər.

“Dow Jones” NHTSA-yə istinadən bildirir ki, nasazlıqlar səbəbindən artıq 11 “Hyundai” və “Kia” avtomobili yanıb. Ölən və yaralananlar olmayıb.

Xatırladır ki, “Hyundai” və “Kia” artıq 2020-ci ilin fevralında, 2021-ci ilin may və mart aylarında oxşar problemlərə görə avtomobillərini geri çağırıb. Mühərrikin nasazlığı və yanğınlarla bağlı ilk geri çağırış 2015-ci ilin sentyabrında qeydə alınıb. NHTSA-ya görə, daha sonra mühərrik problemlərinə görə ən azı səkkiz geri çağırılma kapmaniyası keçirilib. NHTSA şirkətlər tərəfindən görülən tədbirlərin effektivliyini və şirkətlərin kifayət qədər sayda nəqliyyat vasitələrini geri çağırıb-çağırmadığını yoxlamaq üçün araşdırma başlayıb.

Qeyd edək ki, 2020-ci ilin noyabrında NHTSA “Hyundai” və “Kia”ya cərimələr və məcburi təhlükəsizlik sərmayələri daxil olmaqla 137 mln. dollar cərimə tətbiq edib.

 

 

Gununsesi.info